Balıq yağından müntəzəm istifadə hansı xəstəliklər riskini artırır?

Balıq yağından müntəzəm istifadənin sağlam insanlarda insult və ürək xəstəlikləri riskini artıra biləcəyi bəlli olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Beynəlxalq tədqiqatçılar “British Biobank” biotibbi bazasından yaşları 40-69 arasında olan 415 mindən çox adamın orta hesabla 12 il izlədiyi sağlamlıq məlumatlarını araşdırıblar. Məlum olub ki, məlumat bazasında qeydiyyatdan keçmiş insanların təxminən üçdə birinin müntəzəm olaraq balıq yağı əlavələri qəbul edib.

Tədqiqatçılar balıq yağı əlavələrinin ürək xəstəliyi olan adamlar üçün faydalı olduğunu bildirirlər, amma eyni zamanda bu əlavələrin adamlarda insult və ürək xəstəliyi riskini artırdığı da qeyd olunur.

Ürək xəstəliyi olmayan insanlarda balıq yağı əlavələrinin müntəzəm istifadəsi qulaqcıqların fibrilasiyasının (ürəyin qulaqcıqlarının səbəb olduğu aritmiya) inkişaf riskinin 13, insult riskinin 5 faiz artmasına gətirib-çıxarır.

Tədqiqatçılar müəyyən ediblər ki, ürək xəstəliyi olan adamlarda isə müntəzəm olaraq balıq yağı əlavəsinin qəbul edilməsi qulaqcıqlar fibrilasiyasının infarkt keçirmə riskini 15, ürək çatışmazlığından ölüm riskini isə 9 faiz azaldır.

Araşdırmanın nəticələri "BMJ Medicine" jurnalında dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə