Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Lənkəran rayonuna media-tur təşkil olunub. SİA xəbər verir ki, media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini rayon mərkəzi xəstəxanasında (RMX) icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləməsinə şərait yaratmaqdır.

Media-tur iştirakçıları Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı, Lənkəran Regional Perinatal Mərkəzində də olublar.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev media-tur iştirakçılarına icbari tibbi sığorta sisteminin tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin artırılması sahəsində görülən tədbirlər barədə məlumat verərək bildirib ki, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra tibb müəssisəsinin struktur və təchizatında yeniliklər olub: “360 çarpayılıq xəstəxanada poliklinika, radiologiya, fizioterapiya, cərrahiyyə, urologiya, reanimasiya, təcili yardım, terapiya, laboratoriya, hemodializ, invaziv kardiologiya və başqa şöbələr fəaliyyət göstərir. Xəstəxananın tabeliyində 7 Ailə Sağlamlıq Mərkəzi, 60-dan çox kənd həkim-tibb məntəqəsi əhaliyə xidmət göstərir”.

Onun verdiyi məlumata görə, əsaslı yenidənqurma işləri aparılandan sonra 75 çarpayılıq Lənkəran Regional Perinatal Mərkəz yaradılıb. Burada doğum, hamiləliyin patologiyası, cərrahiyyə, neonatologiya və digər şöbələr fəaliyyət göstərir. Mərkəz küvəz, fototerapiya və yeni doğulmuşların müayinəsi üçün exokardioqramma cihazları ilə təmin olunub.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, artıq üçüncü ildir ki, Lənkəran rayonunda icbari tibbi sığorta sistemi tətbiq edilir: “Tibbi xidmətlərin hər kəs üçün əlçatan olması əsas hədəflərdəndir. Göstəricilər onu deməyə əsas verir ki, icbari tibbi sığortadan yararlanmaq üçün edilən müraciətlərin sayı ildən-ilə artır. 2021-ci ildə xəstəxanaya 108,8 mindən, 2022-ci ildə 191 mindən çox müraciət daxil olub. Ötən ilin göstəricilərinə görə, edilən müraciət sayı 2022-ci illə müqayisədə 53 faiz artaraq 293,2 minə çatıb. Son üç il ərzində xəstəxanada 2 milyondan çox xəstə icbari tibbi sığortadan yararlanıb. Bunun 1 milyon 750 mindən çoxu ambulator, 318,6 mindən çoxu stasionar şəraitdə xidmət göstərilib. Son 3 il ərzində 21,6 min cərrahi xidmət yerinə yetirilib”.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, icbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Keyfiyyətli tibbi xidmət göstərilməsi isə səhiyyə infrastrukturu və təchizat məsələləri ilə bağlıdır: “Lənkəran Rayon Mərkəzi Xəstəxanasının müasir avadanlıqlarla təchizatı, xəstəxanada yaradılan şərait cənub bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir. Xəstəxanada invaziv kardiologiya və ürək-damar cərrahiyyəsi, urologiya şöbələri yeni açılıb, 4-cü tip laboratoriya şöbəsi isə yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib. İnvaziv kardiologiya şöbəsində standartlara uyğun olaraq 1 cərrahi otaq, 1 texniki otaq, 6 çarpayılıq intensiv reanimasiya otağı, sterilizasiya və digər köməkçi sahələr yaradılıb. Şöbədə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlar (rəqəmsal angioqrafiya aparatı), süni tənəffüs aparatı, defibilyator, EXO cihazları mövcuddur. Ürək-damar cərrahiyyəsi şöbəsində 19 palata, 2 əməliyyat bloku, 6 nəfərlik reanimasiya otağı tam təmir olunub. Eyni zamanda tibb müəssisəsi yeni MRT və KT cihazları ilə təchiz edilib”.

Media-tur iştirakçıları icbari tibbi sığorta çərçivəsində ürək-damar cərrahiyyəsi üzrə əməliyyat olunan xəstələri ziyarət edib və onların rəyini öyrəniblər.

Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri tibb müəssisəsində müayinə olunublar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə