“Skolioz uzun müddət heç bir simptom olmadan irəliləyə bilər“ - HƏKİM BİLDİRDİ

“Skolioz onurğa sütunu deformasiyaları arasında ən çox rast gəlinən və proqressiv mərhələlərdə son dərəcə ciddi duruş pozğunluqlarına səbəb olan üçölçülü onurğa deformasiyasıdır. Bu deformasiya onurğanın struktur qüsuruna görə və ya onurğaya aid olmayan səbəblərə görə inkişaf edə bilər”. Bu sözləri SİA-ya danışan fizioterapevt Əziz Dəvrişov deyib.

Ə.Dəvrişov skoliozun yaranma səbəblərindən də danışıb: “Hər 100 sağlam uşaqdan 3-də rast gəlinən idiopatik skoliozun səbəbi tam açıqlanmayıb. Bununla belə, xəstəliyin baş verməsi ilə əlaqəli bəzi amillər vardır: Hormonal amillər, biomexaniki amillər, cins, inkişaf xüsusiyyətləri, genetik meyl kimi anadangəlmə xüsusiyyətlər, D vitamini çatışmazlığı, qeyri-sağlam yemək vərdişləri və s".

Fizioterapevt skoliozun heç bir simptom olmadan, təsadüfi şəkildə aşkar ediliyini bildirib: "Skolioz uzun müddət heç bir simptom olmadan irəliləyə bilər. Adətən ağrıya səbəb olmur və əksər hallar başqa səbəblərdən çəkilmiş rentgenoqrafiyada təsadüfən aşkar edilir. Ancaq hamstring əzələlərində elastiklik itkisi, onurğanın əyilmə qabiliyyətinin azalması, qarın və bel əzələlərində zəiflik olan insanlarda bəzi fiziki fəaliyyətlər nəticəsində şiddətli bel ağrıları yarana bilər. Bununla belə, onurğanın döş qəfəsi ilə əlaqəsini nəzərə alsaq, şiddətli əyriliyi olan insanlar skolioza bağlı döş qəfəsi deformasiyaları səbəbindən səthi tənəffüs, təngənəfəslik və tənəffüs yolları infeksiyalarından şikayət edirlər. Proqressiv irəliləyən və müalicə olunmayan hallarda skolioz depressiv əhval-ruhiyyəyə və müxtəlif psixi xəstəliklərə qarşı həssaslığı artırır, onurğa sütununun 90 dərəcədən yuxarı əyrilikləri isə qəfil ölümə səbəb ola bilir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə