“Həkimlərimizi tanıyın!” rubrikamızda ürək-damar cərrahı Kənan Əsədovu təqdim edirik

Dr.Kənan Əsədov Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində neonatal və pediatrik ürək cərrahiyyəsi, aort cərrahiyyəsi, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, minimal invaziv ürək cərrahiyyəsi, TAVİ, aorto koronar şuntlama əməliyyatı, EKQ, holter monitorinqi, intaortik balon pompasının tətbiqi və digər prosedurları həyata keçirir. SİA xəbər verir ki, həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/kenan-esedov/#gsc.tab=0.

Kənan həkim 2005-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmiş, 2005-2006-cı illərdə ATU-nun pediatriya ixtisası üzrə internatura təhsili almış, 2008-2010-cu illərdə Stavropol Tibb Akademiyasında torakal cərrahiyyə ixtisası üzrə kliniki ordinatura keçmişdir.

O, əmək fəaliyyətinə 2007-ci ildə özəl tibb müəssəsində kiçik həkim-pediatr kimi başlamış, 2010-2011-ci illərdə özəl tibb müəssəsində torakal cərrah, 2011-2018-ci illərdə dövlət tibb müəssəsində ürək-damar cərrahı kimi fəaliyyət göstərmişdir. Dr.Kənan Əsədov 2018-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində ürək-damar cərrahı kimi fəaliyyət göstərir. O, 2018-ci ildə həyata keçirdiyi uğurlu əməliyyata görə Dövlət Sərhəd Xidməti tərəfindən Fəxri fərmana layiq görülmüşdür.

Dr.Kənan Əsədov dünya mətbuatında kardiologiyaya dair ən yeni nailiyyyətləri izləyən və öyrənən, Azərbaycanda və qardaş Türkiyədə keçirilən konqreslərdə yaxından iştirak edən, bilik və bacarıqlarını daim artıran ürək-damar cərrahıdır. Belə ki, 2015-ci ildə ürək-damar cərrahı sertifikatı almış, 2022-ci ildə Türkiyənin Antalya şəhərində Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Milli Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresində iştirak etmişdir. Azərbaycan Kardiologiya Assosiasiyasının üzvüdür. Dr.Kənan Əsədovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə