“Diabetli pasiyentlərdə ürək çatışmazlığının menecmenti”

Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr.Nabil Seyidov 8 may 2024-cü il tarixində keçiriləcək dəyirmi masada “Diabetli pasiyentlərdə ürək çatışmazlığının menecmenti” mövzusunda təqdimatla çıxış edəcək. SİA xəbər verir ki, dəyirmi masada Mərkəzi Gömrük Hospitalının kardioloqları, ürək-damar cərrahları, endokrinoloqlar, təcili yardım həkimləri, rezident-həkimlər və tibb tələbələri iştirak edə bilərlər. Qeydiyyatdan keçərək virtual qoşulmaq istəyən tibb mütəxəssislərinə Zoom linki göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN.

Dr.Nabil Seyidov Azərbaycan Tibb Universitetini 2002-ci ildə fərqlənmə ilə bitirdikdən sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinaturanı, daha sonra isə aspiranturanı bitirib. O, 2009-2010-cu illərdə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində daxili xəstəliklər üzrə internatura, 2011-2012-ci illərdə isə Vaşinqton ştatının Sietl şəhərində ümumi cərrahiyyə, travmada təcili və təxirəsalınmaz yardım, yanıqlar və kardio-vaskulyar cərrahiyyə üzrə 1 il internatura və beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib.

ABŞ-dan qayıtdıqdan sonra Dr. Nabil Seyidov Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq və həkim terapevt kimi çalışıb. O, 2023-cü ilin iyun ayından Mərkəzi Gömrük Hospitalının rəis müavini vəzifəsində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə