Dr.Rəşad Mahmudov və Dr.İlqar Tahiroğlu məruzəçi və kurs rəhbəri qismində iştirak ediblər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu 19-21 aprel 2024-cü il tarixlərində Səhiyyə Nazirliyi və nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən I Türk Dövlətləri Kardioloji Qurultayında moderator, məruzəçi və kurs rəhbəri qismində iştirak ediblər. SİA xəbər verir ki, dr.Rəşad Mahmudov 20 aprel 2024-cü il tarixində qurultayın “Komorbid hallar” panelində moderator qismində və “Kardiocərrahiyyə bu gün” panelində “İşemik ürək çatışmazlığında revaskularizasiya - Kimə və nə üçün” mövzusunda təqdimatla çıxış edib.

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu I Türk Dövlətləri Kardioloji Qurultayı çərçivəsində təşkil edilmiş “Ürək qapaq xəstəliklərində yeniliklər: transkateter aorta qapağı implantasiyası (TAVI)” adlı kursun rəhbəri olaraq, qapaq xəstəliklərinin açıq cərrahi müdaxilə olmadan invaziv üsulla bərpası barədə ətraflı məlumat verib, transkateter aorta qapağının implantasiyasını nümayiş etdirib. Eyni zamanda, Dr.İlqar Tahiroğlu “Endovaskulyar anevrizmanin (EVAR) və torakal endovaskulyar anevrizmanın (TEVAR) bərpası və müalicəsi” kursunda bu əməliyyatlar barədə ətraflı məlumat verərək, EVAR və TEVAR əməliyyatlarının simulyasiyasını aparıb.

Qeyd edək ki, I Türk Dövlətləri Kardioloji Qurultayında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələri, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri, nümayəndələri və Mərkəzi Gömrük Hospitalının kardioloqları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə