Radioloji xidmətlərin təşkilini yaxşılaşdırmaq üçün yeni avadanlıqlar qurulur

TƏBİB ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tabeliyindəki tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirləri davam etdirir. Son dövrlər həyata keçirilən yenidənqurma işlərindən biri də tibb müəssisələrində radioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeni avadanlıqların alınması və bu sahədə mövcud olan əsas texniki çatışmazlıqların aradan qaldırılmasıdır. TƏBİB-dən SİA-ya verilən məlumata görə, 2023-2024-cü illər ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan işlər nəticəsində 8 tibb müəssisəsində maqnit-rezonans tomoqrafiya (MRT), 3 tibb müəssisəsində kardiovaskulyar cərrahiyyə (KVC), 2 tibb müəssisəsində angioqrafiya (anju), 1 tibb müəssisəsində isə kompüter tomoqrafiya (KT) xidməti qurulub.

Görülən işlər çərçivəsində Respublika Klinik Xəstəxanası, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Binəqədi və Sumqayıt tibb mərkəzləri, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Lənkəran, Şəmkir, Şəki rayon mərkəzi xəstəxanalarında MRT, Şəki Rayon Mərkəzi Xəstəxanasında, eyni zamanda da, KT yenilənib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki ürək mərkəzlərində angioqrafiya və kardiovaskulyar cərrahiyyə, Şəki Rayon Mərkəzi Xəstəxanasında kardiovaskulyar cərrahiyyə xidməti qurulub.

Tibb müəssisələrinin infrastrukturunun, maddi-texniki bazasının təkmilləşdirilməsi çərçivəsində il ərzində daha bir neçə tibb müəssisəsində radioloji xidmətlərin yenilənməsi və müasir standartlar səviyyəsinə çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə