"Şəkər xəstəliyi tədricən yaranır" - AYDINLIQ GƏTİRİLDİ

“Diabet qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xəstəlikdir”. Bu sözləri SİA-ya açıqlamasında endokrinoloq Nabat Ağayeva deyib.

Onun sözlərinə görə, şəkərin əlamətləri çox su içmə, sidiyə tez-tez getmə, arıqlama və s. ilə xarakterizə olunur: “Bəzi hallarda pasientlər bu əlamətləri müşahidə etmir, lakin təsadüfi yoxlama zamanı qan şəkərinin yüksək olması aşkarlanır. Buna el arasında "gizli şəkər" deyilir. Bunu aşkarlamaq üçün mütəmadi olaraq qan şəkəri yoxlanmalıdır”.

Nabat Ağayeva sözlərinə belə davam edib: “Əlamətlərin olmaması xəstəliyi ciddiyə almamaq üçün bir səbəb deyil, əksinə, daimi qan şəkərinin yüksək olması böyük fəsadlara yol aça bilər.

Şəkər xəstəliyi tədricən yaranır, insulin dirənci, toxluq şəkərlərinin yüksəlməsi, acqarına hiperqlikemiya kimi mərhələlərdən keçərək yaranır. Bunlara diabetönü vəziyyətlər deyilir. Bu mərhələlərin hər birinin qarşısını alaraq diabetə çevrilməsinə mane olmaq mümkündür. Bunun yeganə yolu sağlam həyat tərzidir. Sağlam həyat tərzi dedikdə sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq olmaq nəzərdə tutulur.

Diabetin qarşısını almaq, onunla mübarizə aparmaqdan daha asandır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə