Allergik xəstəliklərdən özümüzü NECƏ QORUMALI? - İZAH EDİLDİ

Allergiya - orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır. Allergik insanların bədənində daha çox İgE istehsal edilir. Bu zaman immun sistemi tam zərərsiz cisimlərə potensial təhlükəli kimi reaksiya verir. Yəni allergik insan bədəninə zərər verəcək heç bir şey olmadığı halda, birdən narahatlıq keçirir.

Yaz mövsümündə ən çox rast gəlinən problemlər sırasında allergik xəstəliklər xüsusi yer tutur. Statistik məlumatlara əsasən, hazırda dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir. Yaz aylarında allergik xəstəliklər artır özümüzü necə qorumalı və nələrə riayət etməliyik? SİA mövzu ilə bağlı allerqolok Aytəkin Həsənzadənin fikirlərini öyrənib.

O bildirib ki, yaz aylarında allergiyanın artması tozlanma ilə əlaqədardır: "Tozlanma mövsümü başlayır. Əslində tozlanma bütün fəsillərdə var. Bitkilərin növündən asılı olaraq onların tozlanma vaxtı da dəyişir. Ancaq biz bunu daha çox yaz və payız aylarında hiss edirik. Ona görə də bu aylarda burun axması, tutma şəklində asqırmalar, burun tutulması müşahidə olunur. Xəstələr qeyd edirlər ki, boğulur, təngnəfəs olurlar, bəzən dəri səpkiləri də meydana çıxır. Bütün bunlardan uzaq qalmaqdan ötrü yaxşı olar ki, xəstələr mümkündürsə, günün az saatlarında açıq havada olsunlar. Saat 6-7 arası tozlanmanın və havada toz miqdarının yüksək olduğu vaxtda küçəyə çıxmasınlar. Əgər yenə də çıxmağa məcburdularsa, o zaman eynəklərdən istifadə etsinlər. Eyni zamanda maskalardan da istifadə edə bilərlər.

Yaxşı olar ki, evə gələn kimi dərhal üst geyimlərini dəyişsinlər, havalandırsınlar. Duş ala bilsələr, daha yaxşı olar, çünki onların dərilərinə, selikli qişalarına hopan allergenləri uzaqlaşdırmaq üçün əhəmiyyətlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə