“Bütün bunlar iqlim təlatümlərinin nəticəsidir” - HƏKİMDƏN AÇIQLAMA
“Hər bir fəsil müəyyən mənada bir iqlim təlatümüdür. Havaların soyuması və ya istiləşməsi, rütubətin, elektromaqnit sahəsinin dəyişməsi, yəni bütün bunlar canlı orqanizmə müəyyən təsirini göstərir. Yaz vaxtı təbiətin oyanması, bitkilərin çiçəklənməsi, canlılarda olan canlanma təsadüfi deyil. Bütün bunlar həmin iqlim təlatümlərinin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında həkim Adil Qeybulla deyib.
Həkim hesab edir ki, yazda vitamin əksikliyi də buna səbəb olar: “Yaz vaxtı insanlarda avitaminoz dövrü olur. Nə qədər olmasa vitaminlərin, mineralların orqanizmdə qəbulunda müəyyən problem olur. Bu təlatüm özünü hiss etdirir, bərpa, adaptasiya dövrü gedir. Həmin dövrdən sonra orqanizm yeni dövrə uyğunlaşır”.
A.Qeybulla sözlərinə davam edərək bildirib ki, bundan başqa, bugünkü gündə insanlarda xroniki yorğunluq deyilən simptom var: “Bu, vitamin “d” əksikliyinə, immun sisteminin zəifliyinə, postpandemiya dövründə immun sisteminin təlatümlərinə bağlıdır. Bundan çoxları şikayət edir. Hətta xroniki yorğunluqdan fəsil dəyişkənliklərində yox, bütün il boyu şikayət edənlər az deyil. Amma fəsil dəyişkənliyində bu cür halların olması normaldır, çünki bu, bir adaptasiya dövrüdür”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə