MGH-nin həkimi konfransda məruzə ilə çıxış edib - FOTO

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d., Dr. Sədi Allahverdiyev 14-16 mart tarixlərində Qazaxıstan respublikasının Almatı şəhərində keçirilən “Sərhədsiz Ginekologiya. Təxirəsalınmaz Ginekologiya. Gözləntilər və Reallıqlar” VIII Beynəlxalq Elmi-praktiki konfransında məruzə ilə çıxış edib. SİA xəbər verir ki, konfransın ilk iki günü şəhərin aparıcı özəl klinikalarından birində canlı laparoskopik və uşaqlıq daxili histeroskopik cərrahiyyə və maraqlı müzakirələrlə yadda qalıb. Konfransın 3-cü - əsas günündə ginekoloji praktikada sıx rast gəlinən təcili və təxirəsalınmaz hallara həsr olunmuş mühazirələr dinlənilib.

Dr. Sədi Allahverdiyev “Uşaqlıq boynu hamiləliyi” mövzusunda təqdimatla çıxış edib, uşaqlıq boynu hamiləliyin baş vermə səbəblərindən, əlamətlərindən, diaqnostikasından danışıb, bizim hospitalda bu ciddi və həyat üçün qanama təhlükəsi yaradan patologiyanın müalicəsində istifadə edilən texnikadan bəhs edib. Sədi həkim qeyd edib ki, uşaqlıq boynu hamiləliyinin profilaktik tədbirlərinə ginekoloji xəstəliklərin rasional müalicəsi, abortlardan imtina, uşaqlıq daxili müdaxilələrdən sonra tam reabilitasiyanın aparılması vacibdir. Vaxtında görülən bu tədbirlər həyat üçün təhlükəli ağırlaşmaların qarşısını almağa imkan verir. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə