“Həkimlərimizi tanıyın” rubrikasında Mehdi Əliyevi təqdim edirik

“Həkimlərimizi tanıyın” rubrikasında Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyevi Sizə təqdim edirik. SİA xəbər verir ki, dr.Mehdi Əliyev Mərkəzi Gömrük Hospitalında müasir tibbi innovasiyalara əsasən ümumi anesteziya, regional anesteziya, Traxeyanın intubasiyası və ekstubasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilyasiyası, traxeostomanın açılması, ağrı terapiya pompasının tətbiqi, onurğa beyin mayesinin alınması, bronxoskopiya, bronxların lavajı, ağır tənəffüs və ürək çatışmazlığı xəstələrində EKMO cihazının tətbiqi, defibrilasiya və kardioversiya kimi sahələrdə müayinə və müalicələr aparır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/mehdi-eliyev/#

Mehdi həkim 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində müalicə işi fakültəsində təhsil almış, 2000-2001-ci illərdə 1№-li Şəhər Kliniki xəstəxanasının Anesteziologiya və reanimasiya kafedrasında internatura keçmişdir. O, 2007-2011-ci illərdə İtaliyanın Milan şəhərində “Ospedale Maggiore of Milan” xəstəxanasının Anesteziologiya və İntensiv terapiya kafedrasında beynəlxalq təqaüd proqramı üzrə, 2012-2013-cü illərdə Türkiyənin İzmir şəhərində Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə təhsil almışdır.
Dr.Mehdi Əliyev 2003-2006-ci illərdə Azərbaycanın özəl tibb müəssisəsində təcili tibbi yardım həkimi kimi çalışmış, 2012-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.

Dr.Mehdi Əliyev 2005-ci ildə Şotlandiyanın Aberdin Universitetində “Qabaqcıl Kardiyak və Travma Həyat Dəstəyi Bacarıqları” kursunda, 2010-cu ildə RumıniyaTəcili və Fövqaladə hallar üzrə Tibbi Cəmiyyətin təşkilatçılığı ilə Təcili və Təxirəsalınmaz Kliniki Hospitalında keçirilən "Təxirəsalınmaz tibbi yardım beynəlxalq" təlimdə iştirak etmiş və sertifikatlar almışdır. Həmçinin, Mehdi həkim 2022-ci ildən Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-nin "Anesteziologiya və reanimatologiya" ixtisası üzrə qiyabi doktorantıdır.
2021-ci ildə Dr.Mehdi Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub. O, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin, Avropa Anestezioloqlar Cəmiyyətinin, Türkiyə Anesteziologiya və Reanimasiya Cəmiyyətinin və Avropa İntensiv Terapiya Təbabəti Cəmiyyətinin üzvüdir.

Bütün xəbərlər Facebook səhifəmizdə