“Əczaçılıq müəssisələrini nəzarətdə saxlamaq çətindir” - DEPUTAT ŞƏRH ETDİ

“Ümumiyyətlə, dərmanların vaxtının keçməsi, yaxud da onun keyfiyyətindəki müəyyən sualların meydana gəlməsi ilə həm mətbuatda, həm də bizə olan müraciətlərdə bu halların olması faktı ilə rastlaşırıq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: “Amma burada əczaçılıq müəssisələrində çalışanların diqqətsizliyi, bəzi şəxslərin öz işlərinə məsuliyyətsiz yanaşmaları kimi məsələlər də ola bilər. Bütün bunların səbəbindən asılı olmayaraq bu məsələlərə nəzarət etmək üçün Səhiyyə Nazirliyi tərəfindən müvafiq işlər aparılır və monitorinqlər həyata keçirilir. Monitorinqlər nəticəsində də həm dərman preparatlarının keyfiyyəti, həm onların zamanının keçməsi məsələlərinə ciddi şəkildə nəzarət olunur.

Amma bir də var ki, vətəndaş məsuliyyəti. Təbii ki belə hallar olduqda həm müvafiq müəssisəyə, həm də Səhiyyə Nazirliyinə bu istiqamətdə məlumatlar verilməlidir ki, prosesin qarşısı alınsın və müvafiq tədbirlər görülsün. Lakin dediyimiz kimi, mexanizm olaraq dövrü monitorinqlərdə Səhiyyə Nazirliyinin Analitik İnformasiya Mərkəzi bu işlə xüsusi olaraq məşğul olur və dərmanların keyfiyyətinə nəzarət birbaşa Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Əczaçılıq müəssisələrini bir gündə, bir anda, bir saniyədə nəzarət altında saxlamaq bir qədər çətindir. Bununla yanaşı dərman preparatlarının təqib və izləmə sistemi qurulmuşdur. Artıq bununla demək olar ki, bütün dərman preparatları onlayn qaydada Səhiyyə Nazirliyi tərəfindən nəzarətdə saxlanılacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə