MGH-də Engerix-B Adult 20 peyvəndi ilə vaksinasiya aparılır - FOTOLAR

Mərkəzi Gömrük Hospitalında tibb heyətinin və həkim-rezidentlərin Hepatit B virusuna qarşı “GlaxoSmithKline” şirkətinin istehsalı olan Engerix-B Adult 20 peyvəndi ilə vaksinasiyası aparılır. SİA xəbər verir ki, risk qrupunda olan insanların Hepatit B virusuna yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Uşaqlarda Hepatit B virusuna qarşı vaksinasiya nəticəsində formalaşan immunitet ən azı 15-20 illik müddətinə qoruyuculuğa malikdir. Böyüklərin vaksinasiyası zamanı insanlarda Hepatit B virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 2-3 həftə sonra artıq formalaşır və ən azı 30 il müddətinə orqanizmi qoruyur.

Son yüzillikdə bir çox xəstəliklərin zərərini vaksinlər vasitəsilə azaltmaq mümkün olmuşdur. Peyvəndlərin vaxtında və düzgün aparılması xəstəliklərin profilaktikasında önəmli yer tutur. Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov hazırda yayılmaqda olan bir sıra infeksiyaların qarşısını almağın mümkün olduğundan danışaraq, deyib: “Yayılan bir sıra infeksiyaların qarşısının alınmasının ən effektiv yolu peyvəndləmə və yaxud vaksinasiyadır. Hamımıza məlumdur ki, bütün yenidoğulmuşlara və sonradan uşaqlara müxtəlif yaşlarında peyvəndləmə kampaniyaları aparılır və Azərbaycanda da insanlar digər ölkələrdə olduğu kimi, çox aktiv olaraq peyvəndləmədə iştirak edirlər.

Düzdür, pandemiya ilə əlaqədar olaraq bütün dünyada və o cümlədən Azərbaycanda peyvəndləmədə bir sıra problemlər yaranmışdı, uşaqların bir qismi obyektiv və subyektiv səbəblərdən vaksinasiyadan kənarda qalmışdı. Bunun nəticəsi olaraq son bir ildə qızılca kimi infeksiyaların yenidən baş qaldırması ilə qarşılaşırıq. Buna görə də vaksinasiya prosesi mütəmadi davam etməlidir.

Vaksinasiya xəstəliklərin qarşısını almağa, xəstəlikdən yaranan fəsadların, ağırlaşmaların qarşısının alınmasında effektiv nəticə göstərir. Elə infeksiyalar var ki, onlara yoluxmaq ehtimalı, xüsusilə də, müəyyən peşə sahibləri arasında daim yüksəkdir. Hepatit B-yə qarşı müəyyən yaşlarda vurulan peyvəndlər uzun illər bu xəstəliyə qarşı immunitet yaradır. Bəzən 25 yaşdan sonra bu virusa yoluxma halları artır. Azərbaycanda Hepatit B-yə qarşı vaksinlər var və bu xəstəliyə qarşı ən effektiv mübarizə üsulu sayılır. Bu peyvənd vurulduqda həm Hepatit B-yə yoluxma baş vermir, həm də əgər insan artıq yoluxubsa, vaksin ağır fəsadlardan onu qoruya bilir. Tibb müəssisələrində çalışan isnanların bu infeksiyalara yoluxma ehtimalı daha yüksək olduğundan, onların da vaxtında peyvənd alması çox vacibdir”.

Dr.Nabil Seyidov qeyd edib ki, Hospitala yeni gələn həkim-rezidentlər, tibb bacıları və digər əməkdaşlar yoxlanılır, lazım olduqda hepatit B-yə qarşı peyvənd təklif olunur və onların immun sisteminin möhkəmləndirilməsi üçün vaksinasiyadan keçirlər. Bu kampaniya hazırda davam edir. Nabil həkim çıxışının sonunda son vaxtlar qızılcanın, pnevmoniyanın yayılmasını vurğulayaraq, valideynləri uşaqlarını qorumaq üçün peyvəndləməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə