“Həkimlərimizi tanıyın” rubrikasında Bəxtiyar Musayevi təqdim edirik - VİDEO

Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim ümumi cərrah Bəxtiyar Musayev

Dr.Bəxtiyar Musayev ümumi cərrahiyyə və qastroenterologiya sahəsində, o cümlədən qaraciyər, öd kisəsi və öd axarları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri üzrə təcrübəli mütəxəssis olaraq qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatları həyata keçirir. SİA xəbər verir ki, həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://youtu.be/emAz-rZli44

Dr.Bəxtiyar Musayev 1982-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirdikdən sonra 1982-1983-cü illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanada cərrahiyyə üzrə internatura təhsilini almışdır. 2012-ci və 2017-ci illərdə ümumi cərrahiyyə üzrə təkmilləşmə kursu keçmişdir. 1990-cı ildə namizədlik, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir.

Bəxtiyar həkim 1984-1989-cu illərdə Respublika Elmlər Akademiyasının Elmi Tədqiqat Fiziologiya İnstitutu nəzdində akademik Böyükkişi Ağayevin təşəbbüsü ilə yaradılmış biliar sistemin fiziologiyası və cərrahiyyəsi üzrə akademik qrupun əvvəl kiçik, sonra isə böyük elmi işçisi vəzifəsində işləyib. 1989-2000-ci illərdə yeni yaradılmış ET Qastroenterologiya İnstitutunda öz işini davam etmişdir.

Eyni zamanda 1984-2018-ci illərdə 5 saylı kliniki xəstəxanada cərrah, o cümlədən 2000-2011-ci illərdə həmin xəstəxanada cərrahiyyə şöbəsinin müdiri vəzifəsində, 2004-2016-cı illərdə bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və müalicə işləri üzrə rəis müavini, 2022-ci ilin dekabr ayından Gömrük Hospitalının Baş həkim vəzifəsini müvəqqətti icra etmiş, 16 mart 2023-cü il tarixindən etibarən isə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim vəzifəsində, eləcə də ümumi cərrah kimi fəaliyyət göstərir.

Dr.Bəxtiyar Musayev daim öz üzərində çalışan cərrahdır, dünya tibb aləmində baş verən hadisələri izləyir, tibbin nailiyyətlərini öyrənir və işini müasir texnologiyalara əsaslanaraq qurur. B. Musayev öz işlədiyi dövrdə ölkəmizdə və xaricdə keçirilən onlarla konfrans, simpozium və konqreslərdə iştirak edir. O, 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində “Ərəb-Sağlamlıq-2019” tibb sərgisində, eyni ildə Türkiyənin İstanbul şəhərində Florence Nightingale Xəstəxanalar Qrupunda xəstəxana işinin təşkili, infeksion nəzarət sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq çərçivəsində təkmilləşdirmə kursunda, 2023-cü ilin fevral ayında Türkiyənin Antalya şəhərində “Dezinfeksiya, Antiseptika və sterilizasiya” üzrə praktiki kursda, 2023-cü ilin noyabr ayında Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində keçirilən “MEDİCA 2023” Beynəlxalq Tibbi Sərgisində iştirak edib.

Bəxtiyar həkim 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə