"Qohum evliliyinə qərar verən cütlüklər ailə qurmazdan öncə..." - HƏKİM XƏBƏRDARLIQ ETDİ

"Bəzən insanlar düşünürlər ki, xalaqızı-xalaoğlu ilə evlənmək olmaz, amma əmiqızı-əmioğlu ilə evlənmək olar. Bu, yanlış fikirdir. Hər bir uşağa genomun yarısı atadan, yarısı anadan keçir. Əmiuşaqları da, xalauşaqları da, bibi, dayıuşaqları da hamısı eyni dərəcəli qohum evliliyidir və hamısında eyni dərəcədə genetik xəstəliklərlə rastlaşırıq. Araşdırmalara görə, yad evliliklərinə nisbətən qohum evliliklərində qüsurlu uşaqların doğulması ehtimalı iki dəfə çoxdur. Ona görə də qohum evliliyinə qərar verən cütlüklər ailə qurmazdan öncə və hamiləliyin ilk aylarında genetik araşdırmalar üçün həkim-genetiklərə müraciət etməlidirlər”. Bu sözləri SİA-ya danışan həkim-genetik Mircavad Müslümov deyib.

Bütün qohum evliliklərində xəstə uşaqların doğulması ehtimalına gəlincə isə M.Müslümov bildirib ki, ilk dönəmdə olmasa belə, onların nəvə və yaxud nəticələrində xəstəlik özünü göstərəcək: “Elə qohum evlilikləri var ki, onlarda heç bir xəstəlik yoxdur, uşaqlar da çox sağlamdırlar. Nəslə, şəcərəyə baxanda onlarda hər hansı genetik xəstəlik görmürük. Amma daşıyıcılıq var. Ona görə də ilk dönəmdə olmasa belə, nəvə və yaxud nəticələrində xəstəlik özünü necəsə büruzə verəcək”.

Qohum evliliyinin talassemiyaya səbəb ola bilməsi ehtimalına gəlincə isə həkim bunun doğru olmadığını bildirib: “Azərbaycan endemik zonalardan biri olduğu üçün burada istər qohum, istər qeyri-qohum evliliklərində talassemiya xəstəliyinə rast gəlinir. Çünki insanlar arasında daşıyıcılıq çoxdur. Qeyri-qohum evliliklərində də bu xəstəliyə çox rast gəlirik. Ona görə də sırf qohum evliliyi talassemiyaya səbəb olur demək mümkün deyil”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə