"XXI əsr virus əsridir" - HƏKİMDƏN AÇIQLAMA

"Viruslar orqanizmdə "yarım həyat" adlandırılır". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib.

Həkim bildirib ki, viruslar orqanizmdə olan hüceyrə daxilində artıb çoxalırlar: "Viruslar öz mənşəyinə görə strukturunda DNT, RNT tərkibli viruslara ayrılır. RNT tərkibli viruslar adətən mutasiyaya meyilli olaraq tez-tez dəyişirlər, qrip virusu, koronavirus kimi.

DNT tərkibli viruslar adətən mutasiyaya meyilli deyil. Mutasiya olunduqda hər dəfə yeni xassə əldə edərək təhlükəli formaya gəlib çata bilər. Ona görə də həmişə Dünya Səhiyyə Təşkilatı deyir ki, nə vaxtsa dünyada bizi gözləyən təhlükəli qrip pandemiyası olacaq. Sars1, mers, sars2 virusu peyda oldu və qlobal pandemiyanı törətdi".

"O ki qaldı virusların peyda olmasına, viruslar həmişə var. Sadəcə soyuqdəymə virusları payız-qış vaxtı daha da fəallaşır. Çünki bu vaxt soyuqdəymə imkanı orqanizmdə istilik-tənzim mexanizmlərində müəyyən təlatümlər yaranır. Orqanizmin immun sistemi də dəyişir. Bu viruslar da artır, virusu birindən digərinə yoluxdurur. Bunu neçə illərdir müşahidə edirik.

Koronavirusun dörd forması: qrip, rinoviruslar, adinoviruslar və sair çoxsaylı virus növləri var ki, bunlar yuxarı tənəffüs yollarında parazitlik edirlər, artıb çoxalırlar. Düşünürəm ki, 21-ci əsr virus əsridir. Hələ bizi yeni sürprizlər də gözləyə bilər. Ona görə də hər şeyə diqqətli olmalıyıq. Viruslardan qorunmaq üçün Dünya Səhiyyə Təşkilatının və mötəbər Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzlərinin rəyini nəzərə alaraq maksimum qorunmalıyıq. Qaydalara və tövsiyələrə əməl etməliyik" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə