Hava Nəqliyyatında Baş Gömrük İdarəsində psixoloji təlimlər keçirilib - FOTOLAR

.4-5 mart 2024-cü il tarixlərində Hava Nəqliyyatı Baş Gömrük İdarəsində “İşlə bağlı stress və onun qarşısının alınması yolları” mövzusunda psixoloji təlimlər keçirilib. SİA xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları üçün təşkil olunmuş təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edib. O, Tibbi Xidmət İdarəsinin gömrük əməkdaşları arasında həyata keçirdiyi maarifləndirici təlimlər barədə ətraflı məlumat verib və əməkdaşların peşəkarlığının artırılmasında bu təlimlərin vacibliyini vurğulayıb.

Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim Tibb Komissiyasının psixiatrı, t.ü.f.d. Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması” və Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işi və effektiv ünsiyyətin əhəmiyyəti” mövzusunda təqdimatla çıxış ediblər.

Təlim zamanı psixoloji gərginliyin, stressin və emosional yorğunluğun insan sağlamlığına, o cümlədən iş rejiminə mənfi təsirləri, ünsiyyət və komanda işinin təşkilati əhəmiyyəti barədə geniş məlumat verilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə