“Hospitalizasiya olunmuş pasiyentlərdə deliriumun menecmenti”

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin nevroloqu Lalə İbrahimova 15 mart 2024-cü il tarixində saat 15.00-da “Hospitalizasiya olunmuş pasiyentlərdə deliriumun menecmenti” mövzusunda cümə seminarları çərçivəsində təqdimatla çıxış edəcək. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının nevroloqları, təcili yardım həkimləri, reanimatoloqlar, anestezioloqlar, terapevtlər, orta tibb personalı, nevrologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştirak edə bilərlər. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN.

Dr.Lalə İbrahimova Mərkəzi Gömrük Hospitalında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin müayinə, diaqnostika və müalicəsini həyata keçirir. Lalə həkim 2004-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 5 saylı Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə internatura keçmişdir. Dr. Lalə İbrahimova 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-nevroloq işləyir. Dr. Lalə İbrahimova daim öz üzərində çalışan, ixtisasını artıran həkimdir. Dünya mətbuatını izləyərək tibbin ən yeni nailiyyətlərini öyrənir və öz təcrübəsində tətbiq edir.

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə