Dr.Sevinc Kərimova “Atopik dermatit” mövzusunda təqdimatla çıxış edib - FOTO

1 mart 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalının Dermatovenerologiya şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova “Atopik dermatit” mövzusunda növbəti cümə seminarları çərçivəsində təqdimatla çıxış edib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, həkimlər, kardioloqlar, dermatovenerologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştirak ediblər.

Dr.Sevinc Kərimova residivlərlə müşayiət olunan xroniki, genetik, dəri xəstəliyi olan atopik dermatit haqqında ətraflı məlumat verib. O, xəstəliyin genetik ağırlaşma riskindən, etiopatogenezindən, patogenezindən, əlamətlərindən, eyni zamanda xəstəliyin körpəlik, uşaqlıq, yeniyetməlik və yetkinlik dövrlərində gedişatından danışaraq, hər bir dövrün klinik əlamətlərini qeyd edib. Sevinc həkim atopik dermatitin müalicə yollarından söz açaraq, onun uzun müddət nəmləndirici emolentlər, kalsinevrinin topikal bolkatorları, antihistaminlər vasitəsilə, fototerapiya ilə, eləcə də ağırlaşmalar zamanı sistem steroidlər, topikal steroidlər və çiklosporin, azatioprin ilə müalicəsindən danışıb.

Dr.Sevinc Kərimovanın təqdimatı ilə keçirilən növbəti seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda həkim dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə