“Uşaqlarda allergik xəstəliklərin diaqnostika və müalicəsi”

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatr-neonatoloqu Aygün Sadıxova 23 fevral 2024-cü il tarixində saat 14.30-da “Uşaqlarda allergik xəstəliklərin diaqnostika və müalicəsi” mövzusunda növbəti cümə seminarları çərçivəsində çıxış edəcək. SİA xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının pediatrları, neonatoloqları, təcili yardım həkimləri, pediatriya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştirak edə bilərlər. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN.

Dr.Aygün Sadıxova Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya ilə bağlı xəstəliklərin stasionar şəraitdə müalicəsi ilə məşğul olur.
Aygün həkim 1994-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almış, 2001-2002-ci illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda pediatriya ixtisası üzrə internatura keçmişdir. O, əmək fəaliyyətinə 2002-ci ildə başlayaraq 2017-ci ilə qədər dövlət tibb müəssisəsində pediatr-neonatoloq kimi çalışıb. Aygün həkim 2017-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir.

Dr.Aygün Sadıxova beynəlxalq konfranslarda, seminarlarda və elmi-praktik konfranslarda iştirak edir. O, 2018-ci ildə Neonatologiya üzrə I Bakı Beynəlxalq Konfransında, “Pediatriyada yeniliklər” mövzusunda VIII Simpoziumda, 2019-cu ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə II İntensiv təlim kursunda, Neonatologiya üzrə II Bakı Beynəlxalq konqresində, 2022-ci ildə Türkiyənin İzmir şəhərində Ege Universitetinin Reanimasiya və Pediatriya şöbəsində neonatologiya üzrə rotasiya kursunda iştirak edib.

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə