Teletibb vasitəsilə xəstələrin məsafədən monitorinqi aparılacaq

Səhiyyə Nazirliyi teletibb vasitəsilə xəstələrin məsafədən monitorinqi üçün ssenariləri öyrənməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov bildirib.

Onun sözlərinə görə, səhiyyə üçün ən perspektivli teletibb ssenarilərini müəyyən etmək məqsədilə hətta iki tibbi elmi-tədqiqat institutu əsasında pilot layihə həyata keçirilib:

"Pilot layihənin nəticəsi tibb müəssisəsinə ilkin müraciət zamanı (yalnız ilkin konsultasiya almaq və ya şəxsən baş çəkməyi tələb etməyən addımların razılaşdırılması) vətəndaşların axınının azaldılmasında teletibbdən istifadənin effektivliyini göstərib. Bundan əlavə, teletibb xidmətlərinin müsbət təsiri vətəndaşların tibbi müayinələrinin izahı prosesində də özünü göstərib. Buna görə vətəndaşların yenidən müvafiq izahatlar üçün tibb müəssisəsinə təkrar müraciətinə ehtiyac yaranmır. Bunlar səhiyyə subyektlərinin yükünün azaldılmasında, həkimlər tərəfindən əhaliyə ünvanlı yardımın artırılmasında, vətəndaşların tibb müəssisələrinə müraciət vaxtının və maliyyə xərclərinin azaldılmasında əks etdirən teletibb tətbiqinin ilk və aşkar üstünlükləridir. Paytaxda bölgələrdən çoxlu sayda vətəndaşların gəlməsini nəzərə alsaq, o zaman bu, qlobal iqlim dəyişikliyinə təsir edən aktual problemlərdən biri olan logistika ilə bağlı karbon qazı emissiyalarını da azaldan çox mühüm amildir".

Nazir müşaviri qeyd edib ki, teletibb vasitəsilə xəstələrin məsafədən monitorinqi üçün ssenarilərin öyrənməsi planlaşdırılır:

"Bu da xidmətin ölkənin səhiyyə sisteminə tətbiqi zamanı ssenarilərə olan tələbatı müəyyən etməyə kömək edəcək. Bundan əlavə, bu növ xidmətin tətbiqi üçün müvafiq qanunvericilik tələb olunur. Bununla əlaqədar, aidiyyəti dövlət tənzimləyiciləri və prosesdə iştirak edən strukturlarla birgə işləməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə