"Gözlərin vaxtaşırı müayinəsi çox vacibdir" - HƏKİM DANIŞDI

“Göz xəstəliklərinin böyük bir qismi irsidir. Elə xəstəliklər də var ki, həm irsi olur, həm də sonradan qazanıla bilir. Əgər insan gündüz və gecənin fərqini bilmirsə, bu zaman insan anadangəlmə kor hesab olunur. Ana bətnində keçirilən xəstəliklər, ananın xəstəlikləri və nəsildən-nəslə keçən və ana vasitəsilə ötürülən irsi xəstəliklər nəticəsində korluq yaranmış olur”. Bu sözləri SİA-ya açıqlamasında oftalmoloq Paşa Qəlbinur deyib.

O bildirib ki, sonradan müəyyən təsirlər nəticəsində yaranan göz zəifliyi də müalicə olunmadıqda korluğa gətirib çıxara bilər: “Əksər göz xəstəlikləri müalicə olunmadıqda korluqla nəticələnir. Buna görə də görmə orqanı xarici duyma orqanları içərisində ən önəmlisi hesab olunur. Gözlərin vaxtaşırı müayinəsi də çox vacibdir və ildə bir də müayinə olunması tövsiyyə olunandır. İndi texnologiya o qədər inkişaf edib ki, müxtəlif cür avadanlıqlarla gözü lazımi səviyyədə müayinə etmək mümkün olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə