Təcili tibbi yardım niyə gecikir? TƏBİBDƏN AÇIQLAMA

Son vaxtlar təcili tibbi yardım maşınının ünvana gecikməsi ilə bağlı əhali arasında narazılıqlar yaranıb. Qəza zamanı və evə təcili çağırılan bu maşınlar çatana qədər xəstə həyatıni itirir və ya vəziyyəti daha da getdikcə pisləşir. Bəs buna səbəb nədir? SİA mövzu ilə bağlı TƏBİBƏ sorğu göndərib.

Verilən cavaba görə, gecikmələrin başlıca səbəbi təcili yardıma müraciətlərin həddindən çox olmasıdır: "İnsanlar hər bir kiçik narahatlığına görə təcili yardıma müraciət edirlər, bu da yüklənməyə səbəb olur. Adi baş ağrısı, hətta diş ağrısı üçün də təcili yardım çağırılır. Həmçinin, qızdırma zamanı da təcili yardım çağırılır. Hamilələr, yataq xəstələri, körpələrdə qızdırma olan zaman təcili yardıma müraciət etmək lazımdır. Lakin digər orta yaş qrupu olan insanlar gündüz saatlarında qızdırma ilə bağlı yaxınlıqdakı poliklinikalara, tibb mərkəzlərinin təcili yardım şöbələrinə də müraciət edə bilərlər.
Təcili və təxirəsalınmaz tibbi xidmətin göstərilməsi zamanı triaj – çeşidlənmə üsulundan istifadə olunur. Birbaşa təcili yardımın funksiyasına aid olan müraciətlər, ilk növbədə, icra olunur. Buraya yol-nəqliyyat hadisələri, bədbəxt hadisələr, qıcolmalar, ürək tutmaları və sair aiddir ki, təcili yardım briqadaları dərhal göndərilir. Həyati təhlükəsi olmayan çağırışlar isə 2-ci sırada icra olunur. Bu da həmin insanların narazılığına səbəb olur”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə