"Yeni aşkarlanmış diabetdə terapiyaya yanaşma" - FOTOLAR

16 fevral 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr.Şəbnəm Əlirzayeva növbəti cümə seminarı çərçivəsində “Yeni aşkarlanmış diabetdə terapiyaya yanaşma” mövzusunda təlim keçib. SİA xəbər verir ki, təlimdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr.Nabil Seyidov, hospitalın həkimləri, orta tibb personalı və rezidentlər iştirak ediblər.

Dr.Şəbnəm Əlirzayeva “Yeni aşkarlanmış diabetdə terapiyaya yanaşma” mövzusunda təqdimatında şəkərli diabet haqqında ətraflı məlumat verərək, xəstəliyin əsas əlamətləri, epidemiologiyası, şəkərli diabetin tipləri, bu tipləri fərqləndirən əlamətlər və diaqnostikasından danışıb. Şəkərli diabetin 2 tipini fərqləndirən Dr.Şəbnəm Əlirzayeva 1-ci tip şəkərli diabet xəstələri üçün insulin terapiyası və insulin pompasından istifadə qaydalarını izah edib. Sonra həkim son vaxtlar daha çox rast gəlinən 2-ci tip şəkərli diabetin risk qruplarından danışaraq, xəstələr üçün müalicə üsullarını sadalayıb və tövsiyələrini verib. O, şəkərli diabetin müalicəsi zamanı düzgün qidalanmanın, fiziki aktivliyin də rolunu qeyd edib, dərman preparatları barədə ətraflı məlumat verib.

Seminar həkimlər, orta tibb işçiləri və rezidentlər tərəfindən maraqla qarşılanıb, təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının həkimlərinin hər cümə günü müxtəlif mövzularda təqdimatları “Cümə seminarı” adını almış və ənənəvi hala çevrilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə