Şəhid polis serjantı Xəzər Zamanovun Mərkəzi Gömrük Hospitalında övladı dünyaya gəlib

19 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əlahiddə Çevik Polis Alayının polis serjantı Xəzər Zamanov Azər oğlunun Mərkəzi Gömrük Hospitalında qızı dünyaya gəlib. Körpəyə Humay adı verilib.
29 yanvar 2024-cü il tarixində dünyaya göz açan körpə bu gün evə buraxılıb. Şəhidin həyat yoldaşı Gülayət Zamanova və körpəsinin vəziyyəti normaldır. Şəhidin yeni doğulan övladı Humay Zamanova Mərkəzi Gömrük Hospitalından evə Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Nərmin Muradova, ailə üzvləri, “YAŞAT” Fondunun nümayəndələri və şəhidin iş yoldaşlarının əhatəsində yola salınıb.
Qeyd edək ki, şəhid Xəzər Zamanov 1998-ci ildə Sədərək rayonunda anadan olmuşdur. Silahlı erməni birləşmələrinin təxribat diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partlaması nəticəsində polis serjantı Xəzər Zamanov həlak olmuşdur. 7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının polis serjantı Xəzər Zamanov “Vətən uğrunda” medalı ilə təltif olunub

Bütün xəbərlər Facebook səhifəmizdə