"Vətəndaş öz həkimini seçmək hüququna malikdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İcbari Tibbi Sığorta son illərin səhiyyə islahatlarını dəyərləndirərkən tam əminliklə deyə biləcəyimiz mühüm səhiyyə islahatı və səhiyyə sisteminin idarə olunmasını, insanların sosial dövlət modelinə uyğun şəkildə dövlətin verdiyi imkanlardan yararlanması üçün bütün şəraiti yaradan islahatlar sistemidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

O, bildirib ki, İcbari Tibbi Sığorta digər dünya ölkələrində də tətbiq olunmuşdur: "Uğurları göz önündədir. Azərbaycanın istifadə etdiyi model əhalinin bütün təbəqələrini əhatə edir. İcbari Tibbi Sığortadan hər bir vətəndaşımız yararlanır. Biz ilkin uğurları və səhiyyə sistemində İcbari Sığortanın tətbiqi ilə qazanılmış uğurları müşahidə etməkdəyik. İşləyən vətəndaşlar üçün bir hissəsi əmək müqaviləsi bağladığı təşkilat tərəfindən, digər hissəsi isə vətəndaşın özü tərəfindən İcbari Tibbi Sığorta haqları köçürülür. İşləməyən vətəndaşlar, pensiya alan, əlillər, 23 yaşa qədər təhsil alan tələbələr, 18 yaşa qədər olan uşaqlar üçün İcbari Tibbi Sığorta haqqının böyük həcmini dövlət ödəyir. Bu da 1 milyard manatdan yuxarı vəsaitdir. Birbaşa dövlət büdcəsindən ödənilir. Bu vəsait hal-hazırda digər mənbələrdən də vəsaitlərin daxil olması hesabına 3 milyard manatı ötmüşdür. Kifayət qədər böyük rəqəmdir. Səhiyyə sistemi bu rəqəmə uyğun şəkildə inkişafı qarşıdakı illərdə də görəcək".

Deputat əlavə edərək deyib ki, Azərbaycanın istifadə etdiyi modeldə və Səhiyyə qanunvericiliyinə uyğun şəkildə vətəndaş öz həkimini seçmək hüququna malikdir: "İlkin səhiyyə xidmətində qeyd olunan həkimi də seçmək hüququ vardır. İlkin səhiyyə sistemindən digər müəssisələrə göndərildikdə də vətəndaşa seçim hüququ tanınmışdır. Amma ilk prioritet Dövlət Səhiyyə sistemindən istifadədir. Əgər xidmətlər Dövlət Səhiyyə sistemində deyilsə, vətəndaşın seçimi də nəzərə alınmaqla müvafiq özəl strukturlara yönləndirilə bilir.

Azərbaycan vətəndaşı olan bütün şəxslər İcbari Tibbi Sığortadan yararlana bilir. Vətəndaşlığı olmayan şəxslər və xarici vətəndaşlar ilkin səhiyyə və təcili tibbi yardım xidmətindən yararlana bilər. Təcili tibbi yardım deyərkən yalnız evə yardım çağırılması nəzərdə tutulmur. Təcili durumların hər birində xarici vətəndaşların da yararlanması mümkündür. Planlı şəkildə bütün Azərbaycan vətəndaşları İcbari Sığortadan yararlana bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə