Hərarətin yüksəlməsi NƏLƏRƏ SƏBƏB OLA BİLƏR? - HƏKİMDƏN AÇIQLAMA

"Bədən hərarətinin yüksəlməsi və ya qızdırma termorequlyasiyasının pozulması istilik tənziminin pozulmasıdır". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib.

Həkim bildirib ki, bu hal müxtəlif proseslər zamanı baş verir: "Xüsusilə, orqanizmin iltihabi, hər hansı prosesə olan reaksiyasıdır. Hərarətin yüksəlməsi daha çox soyuqdəymə, orqanizmdə müxtəlif irinli iltihabi proseslər zamanı qalxır. Ona görə bədən hərarətini reaksiya kimi qəbul etmək lazımdır. Hərarəti hər zaman düşürməyə çalışmaq lazım deyil. Bədən hərarəti o zaman düşürülməlidir ki, o təhlükəli həddə yüksəlir. Uşaqlarda orqanizmin su tutumu aşağı, qıc olmaya, temperaturun tez yüksəlməsinə meyilli olduğundan diqqətli olmaq lazımdır. Əgər temperatur 38° və yuxarıdırsa, dərhal onu endirməyə çalışmaq lazımdır. Çünki yüksək hərarətdə uşaq qıc ola bilər. Bu iltihabın səbəbi müəyyən edilməli, səbəb aradan qaldırılmalıdır. Bu müxtəlif qarın boşluğu xəstəliklərində, iltihabi xəstəliklərdə, soyuqdəymə, virus infeksiyalarında baş verə bilər. Məsələ qızdırmanı aşağı salmaqla bitmir. Əsas səbəb aradan qaldırılmalıdır. Qızdırma orqanizmin müdafiə reaksiyasıdır. Orqanizmdə baş verən proseslə mübarizə nəticəsində ortaya çıxır. İsti vurma hallarında temperatur yüksəlməsi ola bilər. Bu da termorequlyasiyanın pozulmasıdır. Günvurma, isti vurma hallarında bədənin temperaturunu tənzimləmək üçün sərin yerə keçilir və müxtəlif vasitələrlə bədən temperaturu aşağı salınır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə