Azərbaycanda qədimdən bəri təbii üsullarla müalicə metodları mövcud olub. Bir yerimiz ağrıyanda ya bitki dəmləyib içmişik, ya bitkini əzib yaramılza qoymuşuq, ya da bitki tərkibli dərman axtarmışıq. Milliklər boyu bu torpaqlarda təbiblər insanın müşxtəlif xəstəliklərini elə təbiətin öz gücü ilə - heyvanlar, həşaratlar, sürünənlər, bitkilərlə müalicə edib. Amma türkəçarənin də öldürə biləcəyi insanlar, sağalda bilməyəcəyi xəstəliklər var. Bir bitki qədərində şəfa, artığı ilə ölüm ola bilər. Bunun üçün bu elmin bilicilərindən məsləhət almaq lazımdır.

Hər coğrafiya üçün xarakterik olan xəstəliklər elə öz təbiəıtinin təbii ehtiyyatları, canlıları ilə müalicə edilir. Elə bizim ölkəmizdə də bu cür müalicə metodları var. Məsələn, yanıq yerinə kartof qabığı qoyulması, qızdırmanı salmaq üçün gicitkənlə, keçi piyi və sirkə ilə bədənin ovulması, ayaq altına spirt çəkilməsi, ilan zəhərinin təsirinin öldürülməsi üçün dişlənmiş bölgəyə sirkə ilə gicitkən şirəsinin qarışığının tökülməsi, babasilin müalicəsində keçi piyinin tətbiqi kimi bir çox türkəçarələr mövcuddur.

Keçmişdə taun, cüzam, vəba kimi xəstəliklər qədər təhlükəli hesab edilən, “incə xəstəlik” adı verilən və dövrümüzün də ən çox yoluxan xəstəliklərindən biri olan vərəm də limon, bal və sarımsağın qarışığından əmələ gələn xüsusi dərmanla müalicə edilirdi. Bu dərman nəinki vərəmi sağaldır, eləcə də bütün orqanizmin yenilənməsi və təmizlənməsinə kömək edir. Bütün hallarda, ağır xəstəliklərin müalicəsi üçün türkəçarə müalicəni özbaşına etmək doğru deyil, bunun üçün xüsusi kitablar və bilicilər var.

İnsanlığın tarixi qədər təbii təbabətin də tarixi var, ilk insanın var olduğu gün elə bitkilərlə müalicə də yaranıb. Təəssüf ki, zamanla bu elm aşınmaya məruz qalaraq bizə çox cüzi hissəsi gəlib çatıb. Amma indi məlum olan təbii təbabət elmi də cılız deyil, əksinə, bu sahənin biliciləri təbii təbabəti “dərya” adlandırırlar. Tibb elminin sürətli inkişafı təbii təbabəti “alternativ tibb” kimi bir küncə sıxışdırsa da bu gün dərmanla müalicəyə üstünlük verənlər qədər təbii təbabətin faydalarından yararlananlar da var.

Döyüş meydanında yaralanan döyüşçünün yarasına tütün tökmək, infeksiya əleyhinə olan otları əzib bağlamaq hələ 100 illər qabaqlar insanlara məlum idi. Zamanla həm daxili, həm də xarici yaralara bitkilərin gücü ilə qalib gələn insanlar bu elmin bilicilərinə çevrilirlər. İndi bir çox məşhur xəstəliyə tibbin özü əlac edə bilməyəndə təbii təbabət köməyə yetişir.

Alternativ təbabət deyildikdə həm bitkilər, həm də bəzi həşaratların köməyi ilə aparılan müalicələr nəzərdə tutulur. Alternativ təbabət arasında ən çox yayılanı bitkilərlə müalicə hesab edilir. Dünyada yalnız Almaniyada institut səviyyəsində araşdırılan bu elm bir müalicə metodu olmaqla yanaşı tibbin inkişafına da yaxından kömək edir. Özəlliklə son illər genetik dəyişikliyə uğramış qidaların insan orqanizmində yaratdığı fəsadları aradan qaldırmaqda müxtəlif otlardan istifadə edilir.

Bütün bitkilər tərkibindəki təbii maddələrə görə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilə bilər. İndi xərçəng, şəkərli diabet, mədə xorası, hepatit, ürək, revmatizm, on iki barmaq bağırsağın problemləri, qaraciyərin serrozu, qan-damar xəstəliklərinin müaciləsində bitklilərin köməyi ilə müalicə müsbət effekt verir. Bitkilərlə müalicənin üstün tərəfi odur ki, yalnız xəstə ola yox, tamamilə sağlam insanlar da ondan istifadə edərəlk sağlamlıqlarını qoruya bilərlər.

Amma bu elmin biliciləri deyir ki, bəzən tək bir meyvə, tək bir ot bir xəstəliyin sağalması üçün yetərli olmaya bilər. İmmun sistemini qüvvədə saxlamaq üçün xəstəyə müxtəlif otların kombinasiyasını içirmək lazımdır, bu qarışımlar xəstəyə özəl olaraq təyin edilməlidir. Çünki bir çox bitkilərin təzyiqi salma, ürək döyüntüsünü artırmaq və ya nəbzi azaltmaq özəlliyi var.

Əgər siz hər hansı bir bitki ilə özünüzü müalicə etmək fikrinə düşmüsünüzsə əvvəlcə o bitkini yaxşıca araşdırıb hansı xəstəliklərə xeyirli, hansına əks-göstərişli olduğunu aydınlaşdırın. Yaxşı olar ki, bunu təbii təbabətin biliciləri ilə məsləhət edəsiniz. Ola bilər ki, sizin xəstəliyinizin müalicəsində bitkilərin köməyi yetərli olmasın, ona görə modern tibbin imkanlarından istifadə etməyi də unutmayın. Diaqnoz ilə hər hansı bir xəstəliyinizi dəqiqləşdirəndə tibbin köməyindən istifadə ilə yanaşı alternativ tibbi də gözdən keçirin. Ancaq unutmayın ki, modern tibb kimi alternativ tibbdə də erkən diaqnoz böyük önəm daşıyır.

Xoşbəxtlikdən Azərbaycan elə bir iqlim qurşağında yerləşir ki, təbii təbabət üçün lazımlı olan bütün otlar yetişir. Lap “Müsyö Jordan”nın dediyi kimi, bura tam bir bitki cənnətidir. Otundan qanqalınadək hər bitkisi min bir dərdə dəva olan Azərbaycan bu xüsusiyyətinə görə bütün dünyada tanınır, gözəl Qarabağ isə əvəzsiz şəfalı bitkilərin məskənidir.

Ümumiyyətlə, Azərbaycanda qədimdən bəri təbii üsullarla müalicə metodları mövcud olub. Təbiblər insanın müxtəlif xəstəliklərini elə təbiətin öz gücü ilə - heyvanlar, həşaratlar, sürünənlər, bitkilərlə müalicə edib. Amma türkəçarənin də öldürə biləcəyi insanlar, sağalda bilməyəcəyi xəstəliklər var. Qeyd etdiyimiz kimi, hardasa bütün xəstəliklərin müalicəsində təyini mümkün olan alternativ tibbi sizə tətbiq edənin bu sahədə yetəri qədər biliyinin olmasına diqqət edin. Modern tibb qədər alternativ tibb də düzgün təyin edilmədikdə qarşısıalınmaz problemlərə yol aça bilər.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə