Ağciyər xərçənginin müalicəsi var? - PULMONOLOQ AYDINLIQ GƏTİRDİ

“Bəzi hallarda bu xəstəlik irsi meyillilik səbəbilə əmələ gəlir. Həmçinin, mədə xorası, mədə iltihabı və s. xəstəliklərin uzun müddət davam etməsi xərçəngönü vəziyyət kimi qiymətləndirilir və nəticədə xərçəng əmələ gətirə bilir. Xərçəngin yaranmasını virus, qidalanma və ya pis hava şəraiti ilə, eləcə də uzunmüddətli psixi gərginliklə əlaqələndirənlər də var. Amma bu fərziyyələrin heç biri bu şişlərin nədən əmələ gəldiyini sübut etməyib”. Bu sözləri SİA-ya danışan pulmonoloq Polad Muradov deyib.

Həkim bildirib ki, ağciyər xərçənginin müalicəsinin mümkün olduğu məqamlar var: “Ağciyər xərçəngi də xoşxassəli və bədxassəli olaraq iki yerə ayrılır. Hüceyrə səviyyəsində histoloji və sitoloji hüceyrənin quruluşuna əsasən diaqnoz qoyulur və ona uyğun müalicələr seçilir. Bunun üçün kimyəvi terapiyalar var, həmçinin əməliyyat ilə həmin şişi xaric edərək uğurlu nəticələr əldə etmək mümkündür".

Onun sözlərinə görə, burada şişin harada yerləşməsi də önəmli rol oynayır: "Əgər şiş nəfəs borusunu, bronxun ətrafını tutub sıxırsa, bu zaman o daha çox kök ataraq metasraz yaradır ki, bu, xəstəyə daha çox əziyyət verir. Bu proses altı ay və ya bir il çəkə bilər. Ancaq xərçəng ağciyərin periferik hissəsində olsa və yaxud heç metastaz verməsə belə, gec böyüyən şişlər olur. Bunlar uzun müddət davam edə bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə