“Həkimlərimizi tanıyın!” rubrikamızda Elməddin Əliyevi təqdim edirik

Sizə yüzlərlə xəstəni sağlamlığına qovuşduran, şəfalı əlləri ilə onlara sağlam ürək bəxş edən peşəkar həkim, şöbə rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyevi təqdim edirik. Dr.Elməddin Əliyev Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsində aort cərrahiyyəsi, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, Aorto koronar şuntlama əməliyyatlarını həyata keçirir.

Dr.Elməddin Əliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra 2007-2013-cü illərdə Ege Universitetinin Ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirmişdir. O, 2011-ci ildə ABŞ-ın Texas A&M Universitetində süni ürək proqramında çalışmış, 2012-ci ildə SCOTT & WHITE Hospitalında kardiotorakal cərrahiyyə kursu keçmiş, 2013-2014-cü illərdə Ege Universiteti Ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi çalışmışdır. O, 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Ürək-Damar Cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı kimi fəaliyyət göstərir.

Elməddin həkim daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir. O, ölkəmizdə və xaricdə keçirilən beynəlxalq elmi tədbirlədə iştirak edir. 2013-cü ildə Türkiyədə Ürək və Damar cərrahiyyəsi dərnəyinin ekstrakorporal qan dövranı dəstəyi kursunda ixtisasını artırmış, 2015-ci və 2019-cu illərdə Bakı Ürək Günləri IV və VI Beynəlxalq konqreslərində, 2022-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda keçirilən "Ürək çatışmazlığında yeniliklər" konqresində iştirak etmişdir. O, Türk Ürək-Damar cəmiyyətinin üzvüdür.

Elməddin həkim 2023-cü ildə xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.

Dr. Elməddin Əliyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elmeddin-aliyev

Bütün xəbərlər Facebook səhifəmizdə