"Qəbul edilən qərar problemi həll etməyəcək" - HƏKİM FİKİR BİLDİRDİ

"Dərman vasitələri haqqında qanuna dəyişikliklərin qəbul edilməsi uzun müddətdir ki, davam edən tənqidi məsələlər fonunda baş tutdu. Yəni, əsas məsələ həkimlərlə firmalar arasında gedən neqativ tendensiyaların qarşısını almaqdır. Çünki mediada bu məsələ çox müzakirə edilirdi və artıq sosial sifarişə çevrilmişdi". Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

Onun sözlərinə görə, qəbul edilən qərar problemi yenə də həll etməyəcək: "Belə ki, hökm sürən neqativ tendensiya başqa bir hal alacaq və apteklərdə problemə səbəb olacaq. Apteklər müxtəlif firmalarla əməkdaşlıq edirlər və həkimin yazdığı kimyəvi tərkibli dərmanlardansa, daha məqsədəuyğun alternativ təklif edəcəklər.

Sözügedən məsələlər bu cür həllini tapa bilməz. İlk növbədə bir dərmanın müxtəlif adlar altında ölkəyə girişinin qarşısı alınmalıdır. Dərmanların indeksasiya üzrə satışı olmalıdır. Belə ki, ayrı-ayrı indekslərin ayrı-ayrı firmalara satışı həyata keçirilir və həmin firmalar dərmanların ölkəyə idxalı, dövriyyəsi və tələbatın ödənilməsinə məsuliyyət daşıyır. Bu dərman idxalına ehtiyac olan ölkələrdə neqativ tendensiyaların qarşısını almaq üçün ən optimal yoldur".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə