"Bu tədbirlər COVİD-in bütün variantları üçün keçərlidir" - İNFEKSİONİST BİLDİRDİ

"ABŞ-də eləcə də Avropada COVİD-19-un JN.1 variantına yoluxma hallarında artış olduğu təsdiq edilib. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da bu variantın çox sürətlə yayıldığını, eyni zamanda bizim immun sistemimizdən da sürətlə qaça bildiyini etiraf edib. Amma ÜST JN.1 variantının ciddi bir xəstəliyə səbəb olmadığı, bu baxımdan hansısa risk olmadığını deyib". Bunu SİA-ya açıqlamasında infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, Azərbaycanda hazırda bu variantın olub-olmadığını demək doğru deyil: "Tam inkar etmək də olmur, amma rəsmi olaraq nə TƏBİB nə də Səhiyyə Nazirliyi tərəfindən belə bir variantın olduğu təsdiqlənib. Rəsmi olmadığına görə konkret bir şey deyə bilmərik. Amma olsa belə bu xəstəlik ciddi bir riskə, ölüm riskinə səbəb olmur. Ciddi bir risk olmadığına görə sadacə ənənəvi olaraq COVİD-dən yoluxmaya qarşı görülən tədbirlər görülməlidir. Gigiyena qaydalarına əməl olunmalı, maskadan istifadə edilməli və eyni zamanda ara məsafəsinin gözlənilməlidir. Bu tədbirlər COVİD-in bütün variantları üçün keçərlidir".

V.Əliyevin sözlərinə görə, ölkədəki qızılca yoluxma hallarının da nəzərə alsaq bu tədbirlər o xəstəliyə qarşı qorunmada da bizə kömək edə bilər: "Azərbaycanda bu virusun olduğuna dair bir məlumat olmadığına görə əlavə bir əlaməti də yoxdur. Covidin digər variantında görülən yuxarı tənəffüs yolu əlamətləri bu variantda da görülür. Amma özünə xas spesifik bir əlaməti yoxdur. Önümüzdəki günlərdə yayılma olarsa, hansısa risk yaranarsa bu ictimaiyyətlə bölüşüləcəkdir, amma hazırda elə bir risk yoxdur".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə