Yeni Klinikada sümük iliyi transplantasiyası əməliyyatının tətbiqi planlaşdırılır

Yeni Klinikada sümük iliyi transplantasiyası əməliyyatının tətbiqi planlaşdırılır

Növbəti illərdə Yeni Klinikada sümük iliyi transplantasiyası əməliyyatının tətbiqi planlaşdırılır. SİA xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan tibbi xidmətlərin 90% faizdən çoxu TƏBİB-in tabeli tibb müəssisələrində icra edilir: "İcbari tibbi sığortanın tətbiqinə başlayanda 1829 tibbi xidməti ödənişsiz əldə etmək olurdu: "Bu gün isə Xidmətlər Zərfindəki xidmət sayı 81% artırılaraq 3315-ə çatdırılıb. İcbari tibbi sığorta təminatına alınmış 3315 sayda tibbi xidmətin 90% faizdən çoxu isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir”.

TƏBİB rəsmisi bildirib ki, 634 sayda olan ambulator tibbi xidmətlərin 98%-i, 931 sayda laborator xidmətlərin 100%-i, 77 sayda fizioterapiya və reabilitasiya xidmətlərinin – 100%-i, 266 sayda stasionar terapevtik xidmətlərin – 99%-i, 1334 sayda stasionar cərrahi xidmətlərin – 70%-i, həmçinin ilkin səhiyyə və təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin 100%-i icra edilir”.

V.Qurbanov yeni əlavə edilən xidmətlərin sırasında böyrək, qaraciyər, sümük iliyi transplantasiya əməliyyatlarının olduğunu da xatırladıb: “Hazırda bu əməliyyatlar, əsasən, icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrində icra olunsa da, gələcəkdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində də belə əməliyyatların keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə sümük iliyi transplantasiyası əməliyyatının Yeni Klinikada tətbiqi planlaşdırılır. Bunun üçün artıq həkim-cərrahlarımız Türkiyədə təlimə göndəriliblər”.

Bütün xəbərlər Facebook səhifəmizdə