"Hər il sağlamlıq barədə qanunda dövrün tələbinə uyğun dəyişiklik edirik" - KOMİTƏ SƏDRİ

Bizi ən çox narahat edən məsələ ana və uşaq ölümüdür. Əhalinin sağlamlığının qorunması haqqında qanunun böyük bir hissəsi bu problemə həsr olunub. Biz hər il bu qanunda dövrün tələbinə uyğun dəyişikliklər edir və təkmilləşdiririk”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə ailə sağlamlığı ilə bağlı keçirilən dinləmə zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Bu sahədə ölkəmizdə xeyli uğur qazanılıb. Bunların hamısı səhiyyə sahəsinin inkişafı, kadr potensialının artırılması sayəsində həyata keçirilib. Amma bununla belə arxayınlaşmaq olmaz. Çünki bu sahədə görüləcək çox işlər var. Səhiyyə işçilərindən çox şey asılı ola bilər, amma bəzi şeylər insanların özündən asılıdır. Hələ də müəyyən mənada xəstəxanadan kənarda doğuşların, erkən nikahların olması, hamiləlik zamanı vaxtaşırı müayinə olunmaması ana və uşaq ölümünə gətirib çıxara bilir. Son illər sağlam uşaqların dünyaya gəlməsi istiqamətində mühüm dəyişiklik etdik. Bu dəyişiklik nikaha gedən şəxslərin tibbi müayinədən keçməsi idi. Bəzi insanlar deyirdi ki, bu insanların hüququnun pozulması deməkdir. Amma bunu həyata keçirməklə nə qədər problemlərin qarşısını almışıq”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə