"Əhalinin 95%-i peyvəndlə əhatə olunmalıdır" - BAŞ İNFEKSİONİST XƏBƏRDARLIQ ETDİ

“Qızılca kifayət qədər yoluxucu virus infeksiyasıdır. Bu infeksiyanın baş verməməsi üçün əhalinin 95%-i peyvəndlə əhatə olunmalıdır”. Bu barədə SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, ölkəmizin Milli Təqvim Planına əsasən uşaqlar 12 aylığında və 6 yaşında Qızılca-Parotit-Məxmərək (QPM) pevvəndini almalıdırlar: “Lakin son dövrlərdə müxtəlif səbəblərdən peyvəndləmə ilə uşaqlar göstərilən səviyyədə əhatə olunmayıb. Bu səbəblərə valideynlərin peyvənddən imtina etməsini, əsassız əks göstərişləri və s. göstərə bilərik. ÜST 2015-ci ildən etibarən Azərbaycanda qızılca və məxmərəyin endemik olaraq qeydə alınmadığını rəsmi elan edib. Lakin 2023-cü ilin aprel ayından etibarən gətirilmə qızılca hadisəsi ilə əlaqədar əhali arasında bu xəstəlik baş vermişdir. Adətən mülayim iqlimli ölkələrdə soyuq aylarda yoluxma halları daha da intensivləşir. Hazırda ayrı-ayrı bölgələrdə müəyyən xəstələnmə hallarına rast gəlinir.

Baş infeksionist qeyd edib ki, əsasən uşaqlar xəstəliyə yoluxub ki, bunların da 95%-dən çoxu məhz peyvənd almayan uşaqlardır: “İnfeksiyanın yayılmaması üçün bütün əks epidemik tədbirlər görülür. Xəstə şəxslər aşkarlanır, izolə edilir, təmasları 21 gün müddətində nəzarətdə saxlanılır və s. Spesifik profilaktika kimi peyvəndləmə işi ciddi nəzarətə götürülüb. Peyvənd olunmayan uşaqlar aşkarlanır və onların peyvənd olunması təşkil edilir, əhali arasında maarifləndirmə işləri aparılır”.

T.Eyvazov sonda vurğulayıb ki, valideynlər uşaqlarının sağlamlıq durumuna diqqətli olmalıdırlar: “Hərarətin yüksəlməsi, ümumi zəiflik, öskürək, burun axması, gözlərin qızarması, səpkilər və s. olan uşaqlar dərhal izolə edilməli, onları məktəbə, bağçaya buraxılmamalı, həkimə müraciət edilməlidir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə