Dializ xəstəlikləri üçün ayrıca mərkəz yaradılıb

"Əhalinin sağlamlığının qorunması ilə bağlı İctimai Səhiyyə Xidməti yaratdıq. Burada xəstəliklərə nəzarət şöbəsi, peyvənd mərkəzi formalaşdırdıq. Həmin peyvənd mərkəzlərində uşaqların immunitetini qaldırmaq və gələcəkdə ağır xəstəliklər keçirməsinin qarşısını almağı hədəfləmişik. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında antibiotiklərin reseptsiz satışını, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən əczaxanalarda yalnız əczaçı ixtisasına sahib insanların çalışmasını təmin edə bilmişik". SİA xəbər verir ki, bu sözləri Naxçıvanın səhiyyə naziri Samiq Sadıxov jurnalistlərlə bugünkü görüşü zamanı deyib.

O bildirib ki, aparılan islahatlar nəticəsində dializ mərkəzi yaradılıb: "Dializ bir xəstəlik olsa da, insanların günlük rutininə çevrilib. Bu, xəstəxanadaxili yoluxma kimi bir sıra faktorlardan uzaq olmaq üçün ayrıca bir mərkəzin yaradılması daha yaxşı keyfiyyət göstəricisi ola bilər".

"Görülən işlərdən biri də qan bankı və qanköçürmə mərkəzinin fəaliyyətə başlaması oldu. Naxçıvan şəhərində fəaliyyət göstərən böyük tibb müəssisələrinin hər birinə məxsus qan bankı var idi. Bu, koordinasiyasızlığa və bəzi texniki problemlərə səbəb olurdu. Biz bu problemləri aradan qaldırdıq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə