Azərbaycan səhiyyəsindəki rüşvət problemi - necə mübarizə aparmalı? - SORĞU
"Bütün dünyada olduğu kimi bu gün Azərbaycanda da tibb müəssisələrində rüşvət halları mövcuddur. Bəs Azərbaycan səhiyyəsindəki bu kimi halları aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? SİA mövzu ilə bağlı tibb elmləri namizədi Rəşid Mahmudov və Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızının fikirlərini öyrənib.
Rəşid Mahmudov bildirib ki, çalışdığı Azərbaycan Tibb Universitetində bu kimi halların olması mümkün deyil: “Burada müəllim tələbədən bir manat ala bilməz. Mənim işlədiyim yerdə bir nəfər də rüşvət alan yoxdur, başqa institutları deyə bilmərəm.
Tibb müəssisələrində rüşvətxorluq öz-özünə aradan qalxacaq. İndi proseslər sığorta üsulu ilə gedir. Bu proseslər zamanı heç kəs rüşvət ala bilməz. Amma ödənişli, özəl müəssiələr var ki, bəzisində sığorta olmur. Onlarda analizlər üçün ödəniş alınır”.
Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızının sözlərinə görə isə rüşvət və korrupsiya azərbaycanlaşdırmamalıdır: “Bu dünyanın problemidir. İnsan və nəfsi yaşadıqca belə neqativ hallar mövcud olacaq. Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə gedir. Bir şey var ki, rüşvət alan nə qədər məsuliyyət daşıyırsa, verən də bir o qədər məsuliyyət daşıyır. Bu hala qarşı birtərəfli mübarizə aparmaqla bunun kökünü kəsmək mümkün deyil. Azərbaycanda da dünyada olduğu kimi bu halların olması təbiidir və biz buna qarşı mübarizə aparmalıyıq, hər kəs aparmalıdır.
Mən əminəm ki, hər kəs bu məsələdə fəal deyil. Hər kəs dövlətdən bir addım gəlməsini istəyir. Ən inkişaf etmiş ölkələrdə belə korrupsiyaya qarşı mübarizə birtərəfli aparılsa heç bir nəticə verməyəcək. Bugün şəffaflıqla bağlı bir çox yeni elektron xidmətlər yaradılıb. Hər bir vətəndaşın hökumətin idarəçiliyinə əlçatanlığı ilə bağlı addımlar atılıb. Amma yenə də ictimaiyyət, vətəndaş cəmiyyəti qurucuları bu məsələdə aktiv olmalıdır. İctimai qınaq olmalıdır, ictimai fikir ciddi rol oynamalıdır. Bu işlər paralel və bir yerdə vahid bir mübarizə kimi aparılmalıdır”.
Rəşid Qarayev
Bütün xəbərlər Facebook səhifəmizdə