İçki içənlərin immuniteti güclü olur? - HƏKİM İZAH ETDİ

"Ümumiyyətlə, spirtli içkilərin qəbulu hər zaman insan oqanizminə mənfi təsir göstərib. Xüsusilə də burada daha çox xroniki alkoqolizm, yəni alüdəçilik faktları daha çox özünü biruzə verir. Bu zaman da orqanizmdə geriyədönməz proseslər başlamış olur". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, spirtli içkilərin məsuliyyətsiz və yüksək dozda istifadəsi orqanizmdə bir çox ciddi problemlərə gətirib çıxarır: "Bunlardan daha çox mədə-bağırsaq və həzm sisteminin xəstəlikləridir ki, bu cür insanlarda mədənin və bağırsağın açıq yaralarını görürük. Bir çox insanlarda bağırsaq problemi və hətta bağırsaq xərçənginə kimi gətirib çıxaran durumlar olur.

Az dozda və yaxud tez-tez istifadə olunduğu bir zamanda qaraciyər yağlanması, qaraciyərin piy distrofiyası yaranır. Zaman-zaman buna diqqət ayrılmadıqda qaraciyərin fibrozu və sirrozu kimi ağır xəstəliklərə və geriyədönməz proseslərə yol aça bilir. Bu zaman orqanizmdə xolesterin mübadiləsi pozulduğu üçün hiperxolesterinemiya, yəni damarların lipid yağ təbəqəsi ilə tutulması, nəticədə beyin infarktı kimi durumlar üzə çıxır.

Eyni zamanda şəkərli diabetin də spirtli içkilər böyük düşmənidir. Müəyyən infeksion xəstəliklərdə çox az dozda, yəni gün ərzində 30 ml-ni keçməmək şərti ilə spirtli içkilərin müəyyən tədqiqatlara görə müsbət təsiri olub. Lakin bu çox az bir faizdir. Həmçinin, bu tədqiqatlar özünün təsdiqini daxili xəstəliklər kitabında tapmayıb. Ona görə immuniteti artırmaq üçün yaxşı olar ki, mövsümi qidalardan, bol sudan, vitamin C,D və sink kimi mikroelementlərdən bol istifadə edək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə