Azərbaycanda Covid-19 pandemiyası ilə bağlı son vəziyyət necədir? - MÜNASİBƏT BİLDİRİLDİ
“Covid-19 pandemiyasının şiddətli dövründə bütün dünya tibb avtoritetləri tərəfindən iki istiqamətdə ssenarilər proqnozlaşdırılırdı. Birincisi xəstələyin daha şiddətli hal alması, gedən mutasiyaların daha qorxulu xəstəlik törədə biləcəyi istiqamətindəki fikirlərdən ibarət idi. İkincisi ssenari isə yoluxma sürətinin artması nəticəsində daha çox insanı yoluxduraraq, virusun mutasiyaya uğraması və bunun nəticəsində yuxarı tənəffüs yolları üçün digər xəstəliklər formasında patoloji hal yaradan virus istiqamətində mutasiyanın getməsindən ibarət idi. Təbii ki, ikinci ssenari bəşəriyyət üçün daha az riskli, təhlükəsiz istiqamət idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, virusun ikinci istiqamətdə mutasiyaya uğraması və keçdiyimiz dövr ərzində yuxarı tənəffüs yollarının xəstəlikləri formasında mutasiya edən virus xəstəlik yaradır: “Lakin yaranmış xəstəlik nisbətən yüngül olur.
Yuxarı tənəffüs yolları xəstəliyinə yol açan digər problemlər kimi Covid-19 da ümumi hal daşıyır. Belə ki, payız-qış fəslində artımlar müşahidə edib, sonra yenidən azalmalar olduğunu görəcəyik. Yəni hazırda proseslər onu göstərir. Təbii ki, bu prosesin içərisində müxtəlif mutasiyaların ortaya çıxma ehtimalı var. Təbii ki, ağır nəticələri olan mutasiyalar da ola bilər. Bu zaman isə atacağımız addımlar böyük önəm daşıyacaq. Belə ki, payız-qış mövsümündə əks-epidemik tədbirləri bir qədər artırmaq, öz sağlamlığımıza diqqət edib, xəstələndikdə həkimə müraciət etmək vacibliyini qoruyacaq. Lakin qlobal olaraq baxdıqda, Covid-19-un insanları yoluxdurma riski var. Amma təbii olaraq proseslər əvvəlki pandemiya kimi təhlükəli deyil. Bununla yanaşı kənara çıxma risklərini də nəzərə alıb, tədbirlərimizi zamanında almalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB