Allergik xəstəliklərin artmasına səbəb nədir? - ALLERQOLOQ DANIŞDI

“İki cür allergik xəstəliklər var. Bunlardan biri dəri səpkiləri ilə gedən, yəni allerqodermotozlar, digəri isə tənəffüs yolunun zədələnməsi ilə gedən respirator allerqozlardır. Son vaxtlar allergik xəstəliklərin artmasının bir sıra səbəbləri ola bilər. XXI əsrin həddindən çox ekologiyanın çirkləndiyi, ərzaq məhsullarının keyfiyyətsiz olduğu bir dövründə yaşayırıq. O cümlədən, uşaqlar üçün satılan oyuncaqlar və ya digər əşyaların hamısı kimyəvi tərkiblidir və onlara istənilən qatqılar vurulur. Bu səbəbdən daha çox uşaqlarda kimyəvi faktorların təsiri nəticəsində əmələ gələn allergik xəstəliklərin artdığının şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında allerqoloq Şahvələd Məmmədov deyib.

Onun sözlərinə görə, bundan əlavə, nəmişlik şəraitində də insanlarda çift göbələklər və digər allergenlərin təsirindən allergiya yarana bilir: “Allergik xəstəliklərin ən çox yayılan növlərindən biri günəş allergiyasıdır. Hətta soyuq allergiyası deyilən bir növ də mövcuddur. Bu, onu deməyə əsas verir ki, allergiya multifaktorial, yəni çoxsəbəbli bir xəstəlikdir. Nəzərə alsaq ki, son zamanlar insanlarda immunitet aşağılığı müşahidə olunur, ona görə də allergenlərə qarşı həssaslıq yaranır. Bununla da orqanizmdə tez bir zamanda allergik reaksiya əmələ gəlir”.

Ş.Məmmədov sözlərinə davam edərək bildirib ki, allergik xəstəliklərin müalicəsi mümkündür: “Elə allergik xəstəliklər var ki, kəskin dövrünü yaşayır. Həmin dövrdə biz onlara ilkin yardım edirik və müəyyən dərmanlar nəticəsində prosesi zəiflətməyə nail oluruq. Bəzi allergik xəstəliklər də var ki, uzunmüddətli xarakter daşıyır. Həmin xəstələri, xüsusilə, yaz-payız mövsümündə müayinəyə dəvət edirik. Müəyyən müalicələr aparıldıqdan sonra remisiya dediyimiz sağlam dövrü uzadırıq”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə