DSX mayoruna hücumla bağlı təcili İCLAS KEÇİRİLƏCƏK

Azərbaycan Kikboksinq Federasiyası DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovla kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov arasındakı insidentə münasibət bildirib. SİA-nıın məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyasının feysbuk səhifəsində məsələ ilə bağlı açıqlama verilib.

Bildirilib ki, Federasiya baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır:

"Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir. Məsələ ilə bağlı 07.01.2025-ci il tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir".

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb. DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb.

Fuad Zeynalov mətbuata açıqlamasında bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur: "Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuşdu. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib".

Ramal Aslanovun artıq saxlanıldığı bildirilir. Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb. Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə