YAP Nərimanov rayon təşkilatında səhiyyə işçiləri ilə görüş keçirilib FOTOLAR - VİDEO

Bu gün 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında səhiyyə işçiləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev, YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, rayon ictimaiyyəti nümayəndələri və digərləri iştirak ediblər.

Tədbiri Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb. T.Tağıyev Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə yekdilliklə səs verəcəyinə təminat verdiyini bildirib və qeyd edib ki, bütün bu sadalanan və digər uğurların davamı üçün hər kəsi İlham Heydər oğlu Əiyevə səs verməyə çağırır.

YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova çıxış edərək bildirib ki, Azərbaycan qadını özünü heç vaxt görülən işlərdən kənarda hiss etməyib. Onun sözlərinə görə, qadınların hüquqlarının qorunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindən biridir. M. İbrahimova qeyd edib ki, qadınlar bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər.

"Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev səhiyyə sahəsində əldə edilən uğurların davamlılığını təmin etmək istiqamətində qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir. Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycan mütləq üstünlüklər əldə edib. Bütün bunlar Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarıdır. Bu uğurların davamı naminə hər bir səhiyyə işçisini 11 apreldə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırırıq.

7 saylı uşaq yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Mehriban İsayeva və fəal gənc Günya İmanova çıxış edərək bildiriblər ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycanı dünyanın aparıcı və lider dövlətinə çevirib. Bu gün Azərbaycan İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dünyanın söz və nüfuz sahibi olan, hesablaşdığı dövlətlərdən biridir. Azərbaycan bu gün həm də dünyanın milli və dini tolerantlıq mərkəzidir. Yəni, Azərbaycanımızın uğurları, nailiyyətləri, qələbələri, zəfərləri gündən-günə artmaqda və bunların davamı gəlməkdədir. Heç şübhəsiz ki, bunların da kökündə, mahiyyətində İlham Əliyevin müdrik və uzaqgörən daxili və xarici siyasət kursu, müstəqil dövlət siyasəti dayanır. Qeyd edilib ki, gənclər bu il ölkədə keçiriləcək prezident seçkilərində yaxından iştirak edərək layiqli namizəd olan İlham Əliyevə səs verəcəklər.

Sonda təşkilat sədri T.Tağıyev 11 aprel Prezident seçkilərində Nərimanov rayon sakinlərinin YAP-ın namizədi prezident İlham Əliyevə səs verəcəyinə əminliyini qeyd edib.

Tədbirin sonunda xatirə şəkli çəkilib və bununla da tədbir öz işini başa vurub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə