UNEC-də Beynəlxalq Ana Dili Günü qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib. Universitetdən SİA-ya bildirilib ki, Ümumi fənlərin tədrisinin təşkili departamenti və Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə departamentin direktoru, dosent Gülnarə Rzayeva dövlətimiz tərəfindən ana dilimizin qorunması və inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır.

Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin mühüm rol oynadığını bildirib. O, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsinin Ümummilli Liderin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biri olduğunu vurğulayaraq, bu diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Sonra “Ana dili: milli varlığımız, mənəvi sərvətimizdir”, “Milli mədəni varlığımızın ən uca dəyəri - ana dili” və “Dilimiz – milli varlığımızdır” mövzularında təqdimatlar dinlənilib.

Tədbirdə tələbələrin ifasında ana dilimizə, vətənimizə, bayrağımıza həsr olunan şeirlər səsləndirilib. İqtisadiyyat fakültəsinin tələbəsi Yusif Cəfərbəylinin rəhbərlik etdiyi muğam triosu iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə