Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi - FOTOLAR

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib.

SİA xəbər verir ki, mənzillər Yevlax şəhərində yerləşən MİDA Yaşayış Kompleksindədir.

Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev iştirak ediblər.

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.

Bu gün təqdim edilən mənzillər də daxil olmaqla postmüharibə dövründə qeyd edilən kateqoriyalara aid şəxslərə 7350-dən, ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil verilib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri ilə yanaşı, onların digər istiqamətlərdə də sosial dəstək tədbirləri ilə əhatə olunduqları diqqətə çatdırılıb.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə