Valideynlərin uşağı məktəbə hazırlayarkən ən çox yol verdiyi səhvlər nələrdir? - PSİXOLOQ DANIŞDI
"Uşağın məktəbə hazırlığı yalnız akademik biliklərin mənimsədilməsi ilə məhdudlaşmamalıdır. İlk növbədə uşaq bağça və hazırlıq mərhələsində sosiallaşmalı, qaydalara və müəyyən rejimə uyğunlaşmağı öyrənməlidir. Uşaq bu qaydaları əvvəlcədən mənimsədikdə məktəbə başladıqdan sonra yaranan qorxu və adaptasiya çətinlikləri də tədricən azalır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.
_(1)_(1).jpg)
Onun sözlərinə görə, uşaqlarda məktəblə bağlı yaranan ilk qorxulardan biri valideynin onu məktəbdə qoyub getməsi ilə bağlı olur. Bu hal bağça dövründə də müşahidə edilir. Bəzən valideynlər fərqinə varmadan “səni burada qoyub gedəcəyəm” kimi ifadələr işlədərək uşağın qorxusunu daha da artırırlar. Halbuki uşağın məktəbə və bağçaya sağlam şəkildə hazırlanması, bu mühitin onun üçün təhlükəsiz və müsbət bir yer kimi təqdim edilməsi vacibdir:
"Valideynlərin yol verdiyi digər ciddi səhvlərdən biri evdə edə bilmədikləri məsələləri məktəbdə müəllimin üzərinə yükləməsidir. Məsələn, uşağa “Mən sənə evdə dərs oxutdura bilmirəm, məktəbdə müəllim sənə dərs oxutduracaq”, “Orada müəllimin sözündən çıxa bilməyəcəksən” kimi ifadələr deyilir. Nəticədə uşaq hələ məktəbə getməmiş müəllimi çox sərt, qorxulu və cəzalandırıcı bir obraz kimi təsəvvür edir. Bu isə məktəbin ilk günlərindən uşaqlarda həyəcan, məktəbə getmək istəməmək, qarın ağrısı, ürəkbulanma kimi psixosomatik reaksiyaların yaranmasına səbəb ola bilər.
Digər problem uşağın yaşından və inkişaf səviyyəsindən əvvəl məktəbə və akademik fəaliyyətə həddindən artıq hazırlanmasıdır. Bəzi uşaqlar birinci sinfə başlayanda artıq sərbəst oxuyur, yazır və sadə riyazi məsələləri həll edə bilirlər. Bu, müəyyən baxımdan üstünlük kimi görünsə də, məktəbdə həmin biliklər yenidən təqdim olunduqda uşaq üçün dərslər maraqsızlaşa bilər. Nəticədə onun diqqəti dağılır, məktəbə və oxumağa marağı azalır, daha fərqli məşğuliyyətlər ona daha cəlbedici görünməyə başlayır. Buna görə də uşağın məktəbə hazırlığında onun yaş xüsusiyyətləri və inkişaf tempi nəzərə alınmalıdır.
Məktəbə qədər formalaşdırılmalı digər mühüm bacarıq uşağın özünəxidmət və məsuliyyət vərdişləridir. Bəzi valideynlər uşağın paltarını özləri geyindirir, çantasını yığır, əl-üzünü yuyur, dişlərini fırçalayır və onun əvəzinə demək olar ki, bütün işləri özləri görürlər. Həddindən artıq qoruyucu yanaşma uşağın müstəqilliyinin formalaşmasına mane ola bilər.
Belə uşaq məktəbə başlayanda ayaqqabısını və ya geyimini müstəqil geyinməkdə, əşyalarını toplamaqda, çantasını hazırlamaqda çətinlik çəkə bilər. Əgər uşaq hər hansı əşyasını itirir və ya evdə unudursa, valideynin onu məsuliyyətsiz və bacarıqsız kimi hiss etdirməsi vəziyyəti daha da ağırlaşdıra bilər. Nəticədə uşaq utanmağa, özünə qapanmağa və yaşıdları ilə müqayisədə özünü daha zəif hiss etməyə başlayır. Bu da onun sosial adaptasiyasını ləngidə və özgüvəninin azalmasına səbəb ola bilər.
Valideynlərin öz həyəcanlarını uşağa ötürməsi də məktəbə adaptasiyaya ciddi təsir göstərir. İndiyə qədər uşağı tək qoymayan, bütün işlərini onun əvəzinə görən valideyn məktəb başlayanda “Görəsən, tək qalanda nə edəcək?”, “Müəllim ona yaxşı münasibət göstərəcəkmi?” kimi narahatlıqlarını uşağın yanında ifadə edir. Uşaq valideynin emosional vəziyyətini müşahidə edərək belə nəticəyə gələ bilər ki, valideyni qorxursa və narahatdırsa, deməli məktəb də qorxulu yerdir. Bu isə uşaqda davamlı gərginlik yarada bilər.
Məktəbə hazırlıq mərhələsində yuxu və gündəlik rejimin düzgün qurulması da vacibdir. Xüsusilə yay tətilindən sonra uşağın bir günün içində səhər tezdən oyanmağa məcbur edilməsi düzgün yanaşma deyil. Məktəb başlamazdan təxminən 2-3 həftə əvvəl yuxu rejiminin tədricən dəyişdirilməsi daha məqsədəuyğundur. Uşaq hər gün bir qədər tez yatmağa və səhər daha tez oyanmağa alışdırılmalıdır. Bu, onun həm sinir sisteminin, həm də gündəlik rejiminin məktəb qrafikinə uyğunlaşmasına kömək edir.
Əks halda uşaq qəfil rejim dəyişikliyi ilə üzləşdikdə dərslərdə aqressiv, diqqətsiz və halsız ola, davamlı yuxululuq yaşaya bilər. Orqanizmin yeni rejimə uyğunlaşması müəyyən vaxt tələb edir və bu proses tədricən həyata keçirilməlidir.
Bütün bunlarla yanaşı, cəmiyyətimizdə geniş yayılmış “xalqın uşağı” yanaşması da uşaqların məktəbə hazırlıq prosesinə mənfi təsir göstərə bilər. Uşaqlar hələ məktəbə başlamamış bir-biri ilə müqayisə edilir: kimin daha yaxşı oxuduğu, kimin hərfləri daha tez öyrəndiyi, kimin daha sərbəst yazdığı ön plana çəkilir. Bu müqayisələr uşağın özünəinamını zədələyə bilər.
Uşaq uğursuz olmaqdan və səhv etməkdən qorxmağa başlayır. Hətta bildiyi bir məsələnin cavabını da səhv deyəcəyindən ehtiyat etdiyi üçün söyləməkdən imtina edə bilər. Beləliklə, onda “mən bacarmıram” düşüncəsi formalaşır. Ona görə də valideynlərin əsas məqsədi uşağı daim başqaları ilə müqayisə etmək deyil, onun fərdi inkişafını dəstəkləmək, səhv etməkdən qorxmamasını və özünə inanmasını təmin etmək olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB