“Suriya iqtisadiyyatının dünya ilə əlaqələrinin bərpası əsas prioritetlərdəndir”

“Suriya iqtisadiyyatının dünya ilə əlaqələrinin bərpası əsas prioritetlərdəndir”

Suriya iqtisadiyyatının dünya ilə əlaqələrinin bərpası əsas prioritetlərdəndir

“Bu gün dəyişən dünyada yolumuzu tapmalı və bu dəyişikliklərə uyğunlaşmalıyıq. Pandemiyadan sonra dəyişikliklər başladı, daha sonra Rusiya-Ukrayna münaqişəsi və bütövlükdə biznes mühiti də dəyişdi. Hesab edirəm ki, hazırda üç əsas amil ön plana çıxır”.

SİA xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar “Azərbaycan Beynəlxalq İnvestisiya Forumu – Qlobal artım, investisiya və bağlantının gələcəyinin formalaşdırılması” panel sessiyasında deyib.

Nazir bildirib ki, hazırda qlobal iqtisadiyyat yenidən formalaşır. Onun sözlərinə görə, istehsaldan ticarət marşrutlarına, enerjidən marketinqə qədər müxtəlif sahələrdə dəyişikliklər baş verir.

O qeyd edib ki, qloballaşma da əvvəlki formada deyil və son illərdə “seçici qloballaşma” prosesi müşahidə olunur. Nazir üçüncü mühüm amilin isə dayanıqlılıq olduğunu vurğulayıb.

“Bu gün yalnız effektiv olmaq və hər şeyi vaxtında həyata keçirmək kifayət etmir. Artıq hər hansı gözlənilməz hadisə baş verdikdə necə davranacağımız da önəmlidir. Buna görə də dayanıqlılıq mühüm anlayışa çevrilir”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, bütün bu proseslərə süni intellekt də ciddi təsir göstərir və texnologiya dünyada baş verən dəyişiklikləri sürətləndirir.

Suriya üçün mövcud vəziyyətin böyük çağırışlar yaratdığını deyən Mohammad Nidal al-Shaar ölkənin qarşısında duran əsas vəzifələrdən birinin dünya ilə əlaqələrin bərpası olduğunu bildirib.

“Biz dünya ilə əlaqələrimizi bərpa etməli, əməkdaşlığı yenidən qurmalı, eyni zamanda ölkəmizi yenidən inşa etməli və dünyada mövcudluğumuzu daha görünən etməliyik. Əvvəllər münasibətlərimizin olduğu ölkələrlə sağlam əlaqələr qurmağa başlamalıyıq”, – deyə nazir qeyd edib.

O, bugünkü Suriyanın fərqli ölkə olduğunu vurğulayıb: “Bugünkü Suriya sülhsevər, dost və açıq ölkədir. Biz azad bazar iqtisadiyyatına keçmişik. Artıq özümüzü sosialist ölkə kimi təqdim etmirik. Buna görə də bütün mənzərə dəyişib”.

Nazir Suriya ilə digər ölkələr arasında biznes əlaqələrinin genişləndirilməsi istiqamətində addımların atıldığını da bildirib. Onun sözlərinə görə, bir həftə əvvəl Özbəkistanda biznes şurasının yaradılması ilə bağlı razılıq əldə olunub.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə