“Pakistan qlobal ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir” -ALEEM KHAN
Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər və mövcud çağırışlar ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan dövlət maliyyələşdirilməsi, sosial-iqtisadi prioritetlərin müəyyənləşdirilməsi və dayanıqlı inkişafın təmin olunması Pakistan üçün mühüm əhəmiyyət daşıyır.
SİA xəbər verir ki, bu sözləri Pakistanın Federal Rabitə naziri Aleem Khan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda paneldə çıxışı zamanı bildirib.
O, ölkəsinin sosial-iqtisadi inkişaf, investisiyaların cəlb edilməsi və regional əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Nazir bildirib ki, qlobal və regional əməkdaşlığın genişləndirilməsi, xüsusilə nəqliyyat və logistika infrastrukturlarının inkişaf etdirilməsi beynəlxalq ticarətin davamlılığının təmin olunmasında mühüm rol oynayır: “Dəniz daşımaları sahəsində yaranan müxtəlif çağırışlar fonunda limanların və nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Aleem Khanın sözlərinə görə, Pakistanın əsas dəniz limanlarından olan Kəraçi limanı ölkənin beynəlxalq ticarətində mühüm mövqeyə malikdir. Limanın 24 saat fasiləsiz fəaliyyət göstərməsi və təchizat zəncirinin mühüm həlqəsi kimi çıxış etməsi Pakistanın qlobal kommersiyanın canlı saxlanılmasına verdiyi töhfələrdəndir.
O vurğulayıb ki, Pakistan regional sabitliyin və sülhün təmin olunmasına, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına tərəfdardır: “Mövcud geosiyasi çağırışlar qarşısında proaktiv diplomatiyanın həyata keçirilməsi və ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”.
Nazir Pakistan ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə də toxunaraq, xüsusilə dəniz və nəqliyyat infrastrukturu sahəsində əlaqələrin genişləndirilməsinin yeni iqtisadi imkanlar yarada biləcəyini bildirib. Qeyd edib ki, dəniz daşımaları və logistika imkanlarının səmərəli şəkildə əlaqələndirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin və iqtisadi tərəfdaşlığın artırılmasına xidmət edə bilər.
Aleem Khan bildirib ki, Pakistan mövcud iqtisadi imkanlardan regionda sülhün, sabitliyin və bütün insanların rifahının təmin olunması naminə istifadə edilməsində maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB