Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib.
SİA xəbər verir ki, panel sessiyaya “AnewZ” telekanalının baş redaktoru Qay Şoun moderatorluq edib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında Azərbaycanın əlverişli coğrafi mövqeyinin, formalaşan sənaye ekosisteminin və inkişaf edən nəqliyyat-logistika infrastrukturunun ölkənin regional istehsal və ixrac mərkəzi kimi mövqeyinin gücləndirilməsinə imkan yaratdığını bildirib.
O, sənaye zonalarının investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından yaratdığı imkanlardan, tətbiq olunan təşviq mexanizmlərindən danışıb. Azərbaycanın beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika infrastrukturu ilə əlaqələndirilmiş sənaye imkanlarının istehsalçıların regional təchizat zəncirlərinə inteqrasiyasına və xarici bazarlara çıxışına şərait yaratdığı vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov isə rəqabət mühitinin iqtisadi inkişaf və investisiya fəallığının əsas şərtlərindən biri olduğunu qeyd edib. Bərabər rəqabət imkanlarının təmin edilməsi və istehlak bazarlarında şəffaflığın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Paneldə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Koç Holding”ə daxil olan Dayanıqlı İstehlak Malları Qrupunun prezidenti Polat Şen, “Carlsberg” şirkətinin korporativ məsələlər üzrə vitse-prezidenti Kristian Vulf Sönderqard, DBA Group şirkətinin satış və biznesin inkişafı üzrə vitse-prezidenti Marko Politi, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri Natali Muravidze və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko iştirak ediblər.
Müzakirələr zamanı Ələt Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi və tənzimləyici çərçivə, investorlar üçün yaradılan imkanlar və ixracyönümlü istehsal potensialı barədə fikir mübadiləsi aparılıb.
Həmçinin beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyət və əməkdaşlıq imkanları, özəl sektorun inkişafında institusional və maliyyə dəstəyinin rolu, dayanıqlı iqtisadi artım və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB