"Uşağı məcburən sosial etməyə çalışmaq yox, onun niyə asosial olduğunu araşdırmalıyıq" - PSİXOLOQ
"Uşağın insanlarla az ünsiyyət qurması hər zaman psixoloji problem demək deyil. Bəzi uşaqlar təbiətən daha sakit, müşahidəçi və seçici olurlar. Onlar yeni insana və mühitə alışmaq üçün daha çox zamana ehtiyac duyurlar. Burada diqqət edilməli əsas məqam uşağın nə qədər danışması deyil, ünsiyyətdən niyə uzaqlaşmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.
Onun sözlərinə götə, əgər uşaq əvvəllər rahat ünsiyyət qurduğu halda, tədricən insanlardan çəkilməyə başlayırsa, dostları ilə görüşmək istəmirsə, məktəbdə və ya bağçada özünü kənarda saxlayırsa, göz təmasından, danışmaqdan və hətta ona yönələn diqqətdən narahat olursa, artıq bunun arxasında hansı emosional səbəbin dayandığını araşdırmaq lazımdır:
"Bəzən daha az görünən əlamətlər də olur. Uşaq ünsiyyət qura bilir, amma ünsiyyətdən sonra həddindən artıq yorulur, evə gəldikdə aqressivləşir, ağlayır və ya uzun müddət tək qalmağa ehtiyac duyur. Bəzən də danışmamaq onun insanları sevməməsi ilə deyil, səhv etməkdən, gülünc görünməkdən, rədd edilməkdən və ya başqalarının onu necə qiymətləndirəcəyindən qorxması ilə bağlı olur.
Xüsusilə yeniyetmələrdə sosial uzaqlaşma hər zaman otağa qapanmaq şəklində görünmür. Yeniyetmə saatlarla sosial şəbəkədə ola, yazışa və onlayn ünsiyyət qura bilər, amma real münasibətlərdən sistemli şəkildə qaça bilər. Yəni rəqəmsal aktivlik sosial olaraq özünü rahat hiss etməyin göstəricisi deyil.
Digər vacib məqam uşağın ünsiyyətdən uzaqlaşmasının həyatına nə qədər təsir etməsidir. Əgər bu vəziyyət dostluq qurmasına, məktəbə getməsinə, dərsdə iştirakına, ailə münasibətlərinə və gündəlik fəaliyyətlərinə mane olmağa başlayırsa, bunu yalnız utancaqlıq və ya xarakter xüsusiyyəti kimi qiymətləndirmək düzgün olmaz.
Xüsusilə davranışda qəfil dəyişiklik varsa, səbəbinə daha diqqətlə baxmaq lazımdır. Çünki bəzən sosial uzaqlaşmanın arxasında güclü sosial narahatlıq, özünəinamın zəifləməsi, bullinq təcrübəsi, davamlı tənqid olunmaq, münasibətlərdə yaşanan incikliklər və ya uşağın ifadə edə bilmədiyi başqa emosional çətinliklər dayana bilər.
Ən önəmlisi uşağı məcburən daha sosial etməyə çalışmaq deyil, onun niyə geri çəkildiyini anlamaqdır. Çünki sakit olmaq xarakter xüsusiyyəti ola bilər, amma qorxduğu, gərginləşdiyi və ya özünü təhlükəsiz hiss etmədiyi üçün insanlardan uzaqlaşmaq artıq uşağın bizə verdiyi emosional bir siqnaldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB